COP29

Sən türksən, sənə olmaz! - Kubra Məhərrəmova Merih Demiraldan yazır

7 İyul 01:30 Problem 1 254
Sən türksən, sənə olmaz! - Kubra Məhərrəmova Merih Demiraldan yazır

İki gündür, Türkiyənin milli komandasının mərkəz müdafiəçisi Merih Demiralın Avropa çempionatının 1/8 finalının Avstriya ilə oyununda vurduğu qoldan sonra göstərdiyi "bozqurd" işarəsi dünyanı təpəsi üstə qoyub.

Hamı bir ağızdan deyir ki, futbolla siyasəti qarışdırmazlar.

Amma heç kim demir ki, UEFA və onun əlaltıları futbolu hər vəchlə siyasətlə qarışdırırlar.

UEFA "bozqurd" işarəsinə görə Merih Demiralı yarışdan iki oyunluq kənarlaşdırıb.

Amma bir müddət əvvəl elə eyni turnirdə İngiltərə millisinin futbolçusu Cud Bellingem Slovakiyaya qarşı oyunda ədəbsiz işarə (cinsi orqanın təsviri) göstərmişdi. Həmin təsvirin mənası birbaşa qarşı komanda və onun azarkeşlərini təhqir etmək idi. Yəni "yesən də, yeməsən də, xiyardır".

UEFA Bellingemə yüngülvari cəza kəsməklə məsələnin üstündən keçdi.

Merih Demiral hadisədən sonra açıqlama versə də, bəzi kütləri başa salmağa çalışsa da, Almaniya və Avstriya rəsmilərinə heç cür "bozqurd" işarəsinin min illər boyu türklərin simvolu olduğunu anlada bilmədi.

UEFA rəsmiləri türklərin simvolunun "bozqurd" olduğunu heç cür qəbul etmədiklərini və ya türklərin qələbəsini heç cür həzm edə bilmədiklərini bir daha ortaya qoydular.

Burada qeyd etmək yerinə düşər ki, "bozqurd" simvolu Ön Asiyadan tutmuş Altaya qədər çoxmilyonlu türk xalqları üçün türkçülüyün rəmzidir.

"Bozqurd" türk xanlarının zəfər, həm də uğur simvoludur. Qərbə köç edən hun, qıpçaq və peçeneq türkləri də bu işarədən istifadə edərək "mən türkəm" mesajını vermişlər. Bəzi türk və moğol boyları isə köklərinin bu müqəddəs varlıqdan əmələ gəldiklərinə inanıblar. Onların düşüncələrinə görə, əcdadlarını, körpə oğlanı boz qurd süd verərək bəsləyib-böyüdüb, türklərin əzəməti də bununla bağlıdır.

Türk xalqlarının, türk dünyasının son illər intibahını görməmək mümkün deyil.

Detallara varmadan və şişirtmədən qeyd edə bilərik ki, Azərbaycanın Qarabağda ədaləti bərqərar etməsi bütün türk dünyasında böyük coşqu ilə qarşılandı.

Vətən müharibəsində Azərbaycan Ordusu Türkiyənin "Bayraktar" və digər müasir silahlarından istifadə edərək nəticədə türk birliyinin yeni inkişaf yoluna çıxdığını, yeni çağırışlara cavab verdiyini bir daha sübut etdi.

Son illər, həmçinin, Azərbaycan-Türkiyə qardaşlığının da ən yüksək səviyyədə təzahür tapdığını və bu istiqamətdən irəli gedərək qardaşlıq və strateji münasibətlərin digər türkdilli ölkələrlə də inkişaf etdirildiyini görürük. Mübaliğəsiz deyə bilərik ki, "bozqurd" yenə türkün qarşısına çıxaraq onu yeni üfüqlərin fəthinə aparır.

Son illər "bozqurd" nişanəsini Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında görürük. Qardaş ölkənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu da Uruqvayda etiraz edən ermənilərə, sadəcə, "bozqurd" işarəsini göstərmişdi.

Hətta Obama belə, bu işarətdən istifadə etmişdi.

Amma bunu qol sevincini yaşayan Merih Demiral edə bilməz. Niyəsə Obamaya olar, Merihə yox.

Türkiyənin Prezidenti Ərdoğanın UEFA-nın Demiralı cəzalandırması barədə fikirləri də özünü çox gözlətmədi: "Fransızların formasında xoruz var deyirlərmi?"

O daha sonra əlavə edib: "Kimsə almanların formalarında qartal var deyirmi? Kimsə "fransızların formasında xoruz var", "niyə xoruzlanırsan?" deyirmi? Orada Merih həyəcanını bu görüntü ilə göstərdi. Bundan sonra da Xarici İşlər Nazirliyimiz bunların səlahiyyətlilərini çağırdılar, lazımi addımlar da buna görə atılır. İnşallah, əsas məsələ şənbə günüdür. Biz meydandan qələbə ilə ayrılaraq növbəti tura çıxaq. Fövqəladə bir vəziyyət olmasa, oyuna getmək qərarı verdik".

Əslində, Türkiyənin dövlət başçısının bu məsələyə müdaxilə etməsi də bizə o mesajı verir ki, UEFA-nın etdiyi birbaşa (Almaniyanın, Avstriyanın başının altından çıxan) siyasi sifarişdir. Və Avropa bir daha türkçülüyə qarşı nifrətini açıq surətdə bildirir.

Aşkarca bildirir ki, əlimə keçən ən kiçik fürsətdə türkü yıxmağa çalışacağam.

Hər zaman özünü tolerant göstərməyə çalışan Avropa Birliyinin tolerantlığı isə Cud Bellingemin "yesən də, yeməsən də, xiyardır" mesajı qədərdir. Yəni mənə olar, türkə yox! (oxu.az

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu