COP29

Ermənistanla sülh sazişi ilə bağlı YENİ XƏBƏR - 2 aya...

4 Noyabr 07:30 Problem 1 043
Ermənistanla sülh sazişi ilə bağlı YENİ XƏBƏR - 2 aya...

Ermənistanın baş diplomatı hesab edir ki, həmin bəndlər də razılaşdırılarsa, hər iki ölkə yaxın vaxtlarda sülh müqaviləsi layihəsini reallaşdıra biləcək; bəs, onlar hansı bəndlərdir?

Azərbaycanın rəsmi dəvətinə baxmayaraq, Ermənistan COP29 sammitində təmsil olunmaqla bağlı hələ ki, qərar verməyib.

Qarşı tərəfdə, xüsusən də onun radikal-müxalif kəsimində belə bir yanaşma var - İrəvan rəsmilərindən kimsə, xüsusən də baş nazir Nikol Paşinyan yalnız o halda Bakıya gedə bilər ki, qayıdanda özü ilə ən azı, bir neçə erməni “əsiri” gətirsin (söhbət həbsdəki diversantlardan gedir).

Başqa sözlə, Azərbaycana ünvanlı təzyiq və təhdidlər fonunda məsələni siyasi bazarlıq predmetinə çevirməyə cəhdlər davam edir. Halbuki COP29 (11-25 noyabr) Azərbaycanın yox, BMT-nin tədbiridir və Bakı sadəcə, ona ev sahibliyi edir. Bu və digər səbəbdən Azərbaycan, əlbəttə ki, kapitulyant tərəflə belə bazarlığa getməyəcək. Ermənistanın COP 29-da təmsil olunmaması isə vaxtilə onun özünün də dəstəklədiyi BMT tədbirinə laqeydliklə yanaşı, sülh danışıqlarında onun pozucu mövqe tutduğunu, barışıq üçün çox mühüm olan qarşılıqlı etimada can atmadığını və sülh oyunbazlığı ilə məşğul olduğunu bütün dünyaya nümayiş etdirmiş olacaq. Ona görə də gözləməkdəyik, Ermənistan rəhbərliyi, nəhayət, daşı ətəyindən tökəcəkmi?

“Azərbaycan tərəfinin təşəbbüsü ilə sülh sazişi üzrə danışıqlar prosesində ciddi irəliləyiş müşahidə olunur”.

Xarici İşlər Naziri Ceyhun Bayramov ::: UNESCO üzrə Azərbaycan  Respublikasının Milli Komissiyası

Ceyhun Bayramov

Bunu xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 31-də Böyük Britaniyanın Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət naziri Stiven Douti ilə telefon danışığı zamanı deyib. Nazir qeyd edib ki, ümumilikdə layihənin əlaqələndirilməsi üzrə iş gedir, lakin eyni zamanda, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı əksini tapmış ərazi iddiaları prosesdə əsas maneədir. “Ehtiyatlı nikbinliklə demək istəyirəm ki, yaxın gələcəkdə biz bir və ya iki qalan bənd üzrə razılığa gələ biləcəyik və tam razılaşdırılmış sülh müqaviləsinə malik olacağıq”. Bu açıqlamanı isə elə həmin gün Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan verib. Onun sözlərinə görə, hər iki ölkə yaxın vaxtlarda bütün sülh sazişi layihəsini razılaşdıra biləcək. Mirzoyan onu da deyib ki, Ermənistan üçün bir nömrəli prioritet məsələ “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması yox, Azərbaycanla münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılmasıdır.

Erməni nazirin dilindən çıxan “yaxın gələcək” ifadəsi əlbəttə ki, qeyri-müəyyən ifadədir. Gerçək belədir ki, Ermənistan son 3 il yarımda sülh sənədi məsələsinə ciddi yanaşmayıb. Ola bilsin, İrəvan son açıqlama ilə yenə də baş qatmaq, əsas diqqəti Ermənistanın silahlanmasından yayındırmaq niyyəti güdür. Bəs yerdə qalan “bir və ya iki bənd” deyərkən erməni nazir nəyi nəzərdə tutur? Bura Ermənistan konstitusiyasına düzəliş məsələsi də daxildirmi? Məsələ də ondadır ki, XİN rəhbəri çıxışının davamında Bakının konstitusiya ilə bağlı haqlı tələbini “tamamilə əsassız” sayıb və bunu da öz aləmində belə izah edib: “Çünki Ermənistan Konstitusiya Məhkəməsi sərhədlərin Alma-Ata Bəyannaməsi əsasında demarkasiyasının Ermənistan Konstitusiyasına tam uyğun olduğu barədə artıq qərar verib”.

Guya ki, beləcə, Azərbaycanın narahatlığı aradan qalxıb. O zaman Mirzoyan nəyə əsasən iddia edir ki, bir və ya iki qalan bənd üzrə razılığa gəlindikdən sonra tam razılaşdırılmış sülh müqaviləsi hazır olacaq? Yada salaq ki, az öncə Kazanda BRİKS-in son sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasındakı görüşün yekunu kimi xarici işlər nazirlərinə sülh müqaviləsini tezləşdirməklə bağlı tapşırıq verilmişdi. İndi prosesin hansı mərhələsindəyik və həmin 1-2 bənd də razılaşdırılarsa, sülh masası qurula bilərmi?

Yeri gəlmişkən, Minskdə keçirilən konfransda Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Qərb Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində öz xidmətlərini təkidlə təklif edir. Baş diplomatın sözlərinə görə, Qərb Avrasiya qitəsinin digər bölgələrində də destruktiv fəallığını dayandırmır: “Cənubi Qafqazda isə o, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması işində öz xidmətlərini israrla təklif edir. ABŞ və müttəfiqləri 20 illik işğaldan sonra Əfqanıstandan çıxaraq bu ölkədə həssas olan vəziyyətin sabitləşməsi prosesinə müdaxilə etməyə çalışır. Onlar həmçinin Mərkəzi Asiya ölkələrində hərbi mövcudluq üçün bəhanələr axtarır”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb

Məhəmməd Əsədullazadə

Siyasi təhlilçi Məhəmməd Əsədullazadə Mirzoyanın COP29-da iştirakını mümkün sayır: “Azərbaycan Ermənistana dəvət göndərib. Ermənistanın bu konfransda xarici işlər naziri səviyyəsində təmsil olunması gözlənilir. Ermənistan tərəfi xarici işlər naziri Ararat Mirzoyanın konfransda iştirakına o halda razıdır ki, Bakıda həbsdə olan erməni diversantlar azad edilərək, onunla İrəvana qayıtsınlar. Paşinyan bunu daxili auditoriyaya sülh müqaviləsinin bağlanması istiqamətində mövqeyini gücləndirmək və ona qarşı təzyiqləri neytrallaşdırmaq istəyir. Amma separatçılarla bağlı məsələlər müzakirə predmeti ola bilməz. Nə onlar Paşinyana lazımdır, nə Azərbaycan separatçı liderləri azad etmək fikrindədir. Rəsmi Bakı Ermənistanla danışıqlarda bir neçə dəfə həbsdə olan diversantların bəzilərini təhvil verib. Bu məsələ Azərbaycan üçün problem deyil”.

Eksperin fikrincə, Ermənistan tərəfi növbəti dəfə Bakıdan belə bir addım atmasını xahiş edə bilər: “Azərbaycan da etimad mühitinin yaxşılaşdırılması və sülh müqaviləsi istiqamətində danışıqların müsbət istiqamətdə irəliləyişi üçün humanitar addım ata bilər. Bu addımı Azərbaycan atarsa, rəsmi Bakının siyasi mövqeyini gücləndirəcək, Ermənistanla danışıqlarda Fransanın siyasi təxribatlarını neytrallaşdıracaq. Paşinyan da cəmiyyətə göstərmək istəyir ki, Azərbaycan güzəştə gedir. Bu, Nikola hava-su kimi lazımdır”.

News 365

Aqşin Kərimova

Siyasi şərhçi Aqşin Kərimova görə, Azərbaycanla Ermənistan arasında sülh gündəmini asanlaşdırmaq üçün tərəflərin səylərini yüksəltdiyi görünür. “Ancaq Ermənistanın ziddiyyətli mövqeləri, o cümlədən sülh proqramına uyğun olmayan silahlanmaya getməsi prosesə xələl gətirir. Azərbaycan maksimum çalışır ki, Zəngəzur dəhlizi layihəsindən tutmuş Qərbi azərbaycanlıların qayıdışına qədər genişmiqyaslı sülh planı ağrısız şəkildə, danışıqlar və razılıqlar yolu ilə yüksələn dinamika qazansın. Ancaq Azərbaycanın regional sabitlik və təhlükəsizlik üçün vacib bir tələbi də gündəmdə aktuallıq dərəcəsini artırır. Bu, Ermənistanın regional dönüş yaratmaq cəhdlərinin qarşısını almaq üçün İrəvanı hərbisizləşdirməyə vadar etmək məramıdır”,_ deyə təhlilçi belə müşahidə edir.

Onun fikrincə, bu, forpost Ermənistan vasitəsilə regionda təsir qurmaq istəyən Fransanın, Hindisanın qarşısını almaq üçün həlledici hesab edilir: “Çünki Ermənistan silahlandırmanın məhdudlaşdırılmasına dair öhdəliklər götürsə, avtomatik olaraq regionu silahlı münaqişələrə cəlb etmək istəyən qüvvələr ambisiyalarını regiona inteqrasiya etməkdə maneə ilə üzləşəcəklər. Azərbaycan üçün sülh gündəliyi üzrə başqa riskli məqamlar Ermənistanın Rusiyaya dönüş etmək istəkləri ilə əlaqədar izah oluna bilər. Ermənistan Qərbə inteqrasiya yolunu tutsa da, paralel olaraq Rusiyanın regionda ”arxa qapısı" olmaq üçün yeni səylərə girişmiş kimi görünür. Böyük ehtimal ki, İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır və Ermənistan bunu Qərb məntiqli sülh proqramına inteqrasiya etdirməyi hədəf kimi seçir. Bununla belə, İrəvanın bu planının uğur qazanacağı ehtimalı yoxdur, çünki Azərbaycan qlobal və regional güclər arasında qurduğu strateji oyunu İrəvana qarşı nəticələndirmək qabiliyyətinə malikdir".

Digər Xəbərlər
Xəbər Lenti