
«Ayağımdakı problem hələ də qalır».
Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev deyib.
2023-cü ilin dekabrında Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən PFL mənsubları arasında yer alan A.Şahgəldiyev müalicə prosesinin davam etdiyini, bu üzdən AFFA nümayəndəsi olaraq Premyer Liqa oyunlarına təyinat almadığını bildirib:
«Fizioterapiya keçirəm. Çalışıram ki, müalicə kurslarını buraxmayım.
Normal gəzə bilmədiyimdən, hələlik çempionat oyunlarına təyinat almıram. İnşallah, Allah nə vaxt məsləhət bilərsə, ayağım düzələrsə, onda da bu işi görərəm.
İndi belə çətindir. Həkimlər yaşadığım problemin nə zaman aradan qalxacağını demir.
Sağ ayağımı yerə rahat basa bilmirəm. Sinir damarları zədələndiyindən, barmaqlarımda hissiyat çox zəifdir.
Daban nahiyəsi də mənə əziyyət verir, əsa olmadan hərəkət etməyə çətinlik çəkirəm. Ümidim Allahadır».
Sözügedən hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.