
Bazar günü Tovuzda “Turan Tovuz”la “Sabah”ın əvəzedici komandaları üz-üzə gəlirdi.
“Kəpəz” – “Araz-Naxçıvan” qarşılaşmasının startına bir neçə saat qaldığından, gəncləri iş başında görmək yerinə düşmüşdü.
Oyun keyfiyyətinin, futbolçuların bacarığının, məzmunun yox dərəcəsində zəif olduğu matçda bir şeyi özüm üçün dəqiqləşdirdim - Azərbaycan futbolunun yaxın 5 il üçün gələcəyi yaxşı heç nə vəd etmir. Aşağı-yuxarı indikilərin səviyyəsindədirlər. Nisbətən az, nisbətən çox, eyni vəziyyətdir.
Müasir futboldan geri qaldıqları aşkar görünür. Sürətli hücumlar, qısa ötürmələr, cinahları dəyişmək, fiziki hazırlıqla ağıllı oyunun yaratdığı sintezdən əsər-əlamət yoxdur. Top kimə düşürsə, çalışır driblinq eləsin, özünü göstərsin. Ötürmə vermək istəyənin göndərdiyi top da əksər vaxtlarda ünvana çatmır.
Dünyada 19-20 yaşlıların sərgilədiyi futbol peşəkarların oyunundan geri qalmadığı halda, bizdə gənclərin oyunu məhəllə futbolunu xatırladır. Yeganə fərqləri idmançı quruluşuna malik olmaları və meydana idman dəstlərində çıxmalarıdır.
Bu iki komanda – “Turan”la “Sabah” çempionatın ən yaxşılarından hesab olunur. “Sabah” çempionluq uğrunda “Neftçi”ylə mübarizə aparır, tovuzlular mövsümü “3-lük”də başa vurmaqda iddialıdır. Ən yaxşılarımız bu haldadırsa, gör, digərlərinin vəziyyəti necədir.
Bir şey dəqiqdir, Azərbaycanda futbolu sevən, yaxşı futbolçu olacaq uşaqların sayı kifayət qədərdir. Ancaq süni örtüklü meydançalar və düzgün olmayan inkişaf strategiyası “evlərini yıxır”. Adamlar bu yaşa qədər müasir futbolun tələblərindən xəbərsizdilərsə, top görəndə az qala onu qucaqlamaq səviyyəsindən o tərəfə keçə bilmirlərsə, yaxşı nəsə gözləməyin adı yoxdur.
Yeri gəlmişkən, gərginliyin ən yüksək həddə olduğu qarşılaşmada hesabı meydan sahibləri açsa da, fasilədən dərhal sonra status-kvo bərpa olundu. Tovuz təmsilçisi ikinci hissənin gedişində ikinci qolu da vurdu. Lakin final fitinə saniyələr qalmış “Sabah” hava-su kimi vacib qolu vuraraq Bakıya 1 xalla qayıtdı.
HƏBİB / SPORTİNFO.AZ