"Turan" və "Araz" üçün bundan yaxşı NÜMUNƏ?

26 Aprel 22:20 Problem 238
"Turan" və "Araz" üçün bundan yaxşı NÜMUNƏ?

Premyer Liqaya vəsiqə qazanan "Qəbələ" yeni mövsümdən doğma rayonda məskunlaşacaq.

Komanda doğma rayonda yerləşəcək və gündəlik məşqlərini öz bazasında keçirəcək.

Klub əhbərliyi bu cür önəmli qərar qəbul edib.

Halbuki əvvəlki illərdə Qəbələ təmsilçisi Bakıda qalır və yalnız ev oyunları üçün doğma rayona gedirdi.

Əgər buna doğma demək olarsa...

Doğma onda olar ki, həftəiçi məşqləri aid olduğun yerdə keçərsən.

Səni sevən azarkeşləri yalnız oyun günü tribunada yox, həm də küçəyə çıxanda, parka və ya bir restorana gedəndə görərsən, ünsiyyət qurarasan. Arada səmimiyyət, sevgi də böyümüş olar.

Əgər bir klub məxsus olduğu şəhərdə, rayonda aşağı-yuxarı qonaq komandalar qədər qalırsa həmin yerə məxsusluğunu da itirmiş olur.

Bu gün də Premyer Liqada elə klublarımız yox deyil.

"Araz Naxçıvan"ın legionerləri arasında bəlkə də klubun haranı təmsil etdiyini bilməyənlər var. Niyə də yox?

Naxçıvanı təmsil edən bir klubun günü Mərdəkan və Buzovnada keçir. Belədə "Araz"a necə Naxçıvan təmsilçisi demək olar? Mərdəkan və Buzovna daha çox yerinə düşər.

Olsun "Turan Tovuz".

Qərb təmsilçisi Tovuzda qəbul edəcəyi rəqiblə oyuna Sumqayıtda, Bakıda hazırlaşır. Kürdəxanıda yeni baza tikilir. Bakıdakı oyunlar üçün əla ideyadır. Səfər oyunlarının hazırlığını və ya təlim-məşq toplanışını Bakı ətrafı qəsəbədə keçmək əlavə xərclərin azalmasına səbəb olacaq. Həm də bəlli yerə, ünvana sahibləncəksən. Yox, əgər ev oyunlarının da hazırlığı Kürdəxanıda keçiriləcəksə, bunun nəyi Tovuz təmsilçisi oldu ki?

Bəli, bölgədə məskunlaşıb, iddialı komanda formalaşdırmaq, yaxşı əcnəbiləri heyətə cəlb etmək elə də asan deyil. Amma çıxış yolu da hamının Bakıya pənah gətirməsi olmalı deyil.

"Qəbələ" rəhbərliyi alqışalayiq addım atıb. Ümid edək ki, "Araz" və "Turan" rəhbərliyi də bu nümunənin dalınca gedəcək. Olması gərəkən də budur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq