
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.
İttihamda deyilir ki, təqsirləndirilən şəxslər əlbir olaraq dövlət büdcəsindən ayrılmış 1 milyon manat pulu mənimsəyiblər.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Təqsirləri sübuta yetirilərsə, 14 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.
Raqif Abbasov və Eldəniz Qulamov ittihama münasibətdə özlərini təqsirli bilməyiblər. Onlar qarşıdakı iclaslarda epizodlar üzrə ifadə verəcəklərini deyiblər.
Proses şahidlərin iştirakını təmin etmək üçün təxirə salınıb.
Cinayət işinin ilkin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. İş üzrə dəymiş ziyandan cəmi 100 min manat ödənilib.