Jurnalisti, azarkeşi futbolçularla üz-üzə qoyan kimlərdir? - ŞOK SİYAHI!

9 Aprel 19:00 Problem 686
Jurnalisti, azarkeşi futbolçularla üz-üzə qoyan kimlərdir? - ŞOK SİYAHI!

Son dönəmlər azərbaycanlı futbolçular manşetləri bəzəyir.

Yox, Avropa klublarından dünyanı silkələyən səs-soraqları gəlmir.

Heç Azərbaycan millisində də hansısa uğurun memarı deyillər.

Düzdü, normalda peşəkar futbolçuya yaraşanı yuxarıdakı məqamlarla manşetlərə düşməsi olardı.

Məsələn, gürcülərin, özbəklərin səsi-sədası dünya nəhənglərindən gəlir. Biri PSJ-də, digəri "Mançester Siti"də, bir başqası da "Roma"da özünə parlaq karyera qurur.

Bizimkilər də biləcəridən o tərəfə keçə bilmirlər. Amma yaxşı göz-qaş oynatmaqları, təpik-yumruq çıxartmaqları var.

Kütləvi qələt Toral Bayramovla başladı.

"Qarabağ"lı Azərbaycan millisinin Haitiyə məğlubiyyətindən sonra jurnalistin sualına cavab vermək əvəzinə göz-qaş oynatmaqla gündəmə gəldi.

Ardınca Veysəl Rzayevin Bayıldakı görüntüləri ölkənin dördbir yanına yayıldı. Uğursuz nəticələrdən, bərbad oynadıqları futboldan utanmaq əvəzinə məhəccərlərə qalxaraq yağışda-qarda onu dəstəkləyən azarkeşlərə əzələ nümayiş etdirdi.

Azərbaycanlı futbolçuların başlatdığı iyrənc gedişat son olaraq Cəlal Hüseynovla davam etdi.

"Neftçi"yə məğlub olan "Şamaxı"nın müdafiəçisi normalda paltardəyişmə otağında saatlarla oturmalı, məğlubiyyətin dərdini çəkməliydi.

Onun da yer aldığı müdafiə xəttinin son iki görüşdə niyə 5 qol buraxmasına cavab axtarmalıydı.

Ən çox maaş alan yerli futbolçu olmasına rəğmən Edqar Adilxanov, Rauf Rüstəmli, Rüfət Abbasov kimi gənclərin kölgəsində qalmasından xəcalət çəkməliydi.

Amma o nə etdi?

Böyük əda ilə media nümayəndəsinə "sizə müsahibə vermirəm" replikası ilə yadda qalıb.

Utanmasan toyda oynamağa nə var ki...

Yerli futbolçuların işi eynən bu məsəldəki kimidir.

Bir qəpiklik futbolları yoxdur.

Azarkeşlər, media, mütəxəssislər gecə-gündüz ünvanlarına olmazın tənqidlərini yağış kimi yağdırır.

Toral, Veysəl, Cəlal kimiləri də sanki bir üzündən həmin tənqidi silib, digər üzü ilə aşkara çıxırlar.

Nə utanmaq hisləri qalıb, nə də həya etmək.

Klublar bu işdə birbaşa günahkardır.

Uşaq evin aynası olduğu kimi, futbolçu da məxsus olduğu klubun güzgüsüdür.

Bu gün jurnalistə, azarkeşə qarşı özünü apara bilməyən, sabah da rəhbərinə, baş məşqçisinə, komanda yoldaşına qarşı ağ olacaq. Bəlkə də olublar, sadəcə daxildə ört-basdır edilib.

İctimaiyyət arasında özünü apara bilməyinin klub daxilində mələk kimi görünməsi mümkün deyil.

Klublar oyunçularına sahib çıxmağı bacarmırlarsa, tərbiyə üsulu tapmaqda acizdilərsə, psixoloq dəvət etsinlər.

Ki, onlara azarkeşlə, jurnalistlə necə davranmaq lazım gəldiyini başa salsın.

Jurnalist də, azarkeş də insandır. Hər dəfə futbolçuların ağılsız hərəkətlərinə səbr etmək zorunda deyillər.

Bir gün emosiyalar daşacaq, daha pis hadisələrlə üz-üzə qalmış olacağıq.

Onda isə hər şey çox gec olacaq...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti