
Şövkət Orduxanov adına Qusar şəhər stadionu zibilliyə çevrilib.
Sportinfo.az-ın əməkdaşı arenaya arenaya baş çəkib və gördüklərindən şoka düşüb.
Belə ki, 9 il öncə söküntüsü aparılan idman qurğusunda xeyli müddətdir yenidənqurulma işləri aparılmır.
Ərazi tamamilə baxımsız vəziyyətə düşüb. Daha inşaatçılar yolunu buradan salmır.
Nəticədə tribunanın şəhərin mərkəzi küçəsinə baxan tərəfi zibillxanaya çevrilib. Kimin əlinə nə keçirsə, onu gətirib həmin yerə atır.
Yaxınlıqda yaşayan sakinlərin dediyinə görə, gecə saatlarında stadionun ərazisinə tərəf getmək təhlükəlidir. Çünki narkotik və içki düşkünləri məkanı xəlvət görərək, orada toplaşır.
Bəzən isə «məclis iştirakçıları» arasında mübahisə düşür, səs-küy ətrafa yayılır.
Onlar narahatdırlar ki, vəziyyət belə davam edərsə, arenanın daş-kəsəyi də oğurlanaraq satılacaq. Çünki artıq Qusarda heç kim stadionun təmirinin başa çatdırılacağına inanmır.
«Şövkət Orduxanov» illər əvvəl böyük masştablı təmir adıyla sökülüb. Nə varıydısa, hamısı yerlə bir edilib.
Yalnız 2023-cü ilin əvvəlində Etibar Pirverdiyevin - «Azərenerji»ASC-nin sabiq prezidentinin yadına düşüb ki, rayonun mərkəzi hissəsində belə bir yer var və orada bütün işlər yarımçıq qalıb.
Vəzifədən uzaqlaşdırılandan sonra vaxtının çoxunu dəvə fermasına ayırdığı söylənilən Pirverdiyev, necə olubsa, yenidən stadionun mövcudluğunu xatırlayıb.
Böyük ehtmalla, buranı ona deyiblər. Deyiblər ki, şirkətinə məxsus arenanı söküb yerə qoymusan, indi də zəhmət çək, bərpa elə.
O da işə təzədən başlayıb, amma proses uzun sürməyib. 2024-cü ilin əvvəlində, Rövnəq Abdullayevin AFFA prezidenti postundan gedəcəyi məlum olan ərəfədə işlər növbəti dəfə dayanıb.
Güman ki, bu iki hadisənin bir-biriylə əlaqəsi var. Çünki Abdullayevin də əvvəlcə «Şövkət Orduxanov»un tikintisinə maddi cəhətdən köməklik göstərdiyi, sonra isə yardımı dayandırmasına dair Qusarda xəbərlər dolaşır.
2016-cı ildə «başını yerə qoyan» «Şahdağ» bir də 2023-cü ilin sentyabrında «dirilib». Komanda hazırda II Liqanın lideridir və I Liqaya vəsiqə qazanmağa ən real namizəd sayılır.
Elnur Abdullayevin çalışdırdığı kollektiv ev oyunlarını Şamaxı Olimpiya Kompleksində keçirir.