Qurban Qurbanov onunla bacarmır?

26 Mart 16:30 Problem 9 476
Qurban Qurbanov onunla bacarmır?

Bu boyda ölkədə Elvin Cəfərquliyevin öhdəsindən gələn adam yoxdur.

Qurban Qurbanov çəkidə adam onu haqq yoluna gətirə bilmirsə, Fernandu Santuş külək olub yanından ötə bilməyəcək. Qurbanovun nəsihətlərini vecinə almayan, qoca kişiyə qulaq asacaq?

Millinin Haiti ilə yoldaşlıq görüşündə gərəksiz vəziyyətdə növbəti dəfə “qırmızı” alaraq komanda yoldaşlarını pis vəziyyətdə qoymaqla intizamsızlıq seriyasına daha birini əlavə etdi.

Diqqət!

Elvin son iki ildə avrokubok matçlarında “Qarabağ”ı iki dəfə azlıqda qoyub.

Yığmanın heyətində keçən ilin noyabr ayında Estoniya ilə oyununda lazımsız qırmızı vərəqə alıb.

2023-cü ilin oktyabrında “Neftçi”ylə “Neftçi Arena”dakı matçdan sonra yaşanan insidentə görə polis şöbəsinə aparılıb.

2024-cü ilin mayındakı mükafatlandırma mərasimində ədabaz yerişi və əl-qol hərəkətləri ilə ictimaiyyətin qınağına tuş gəlib.

Martın 8-də “Araz-Naxçıvan”la oyundakı münaqişə zamanı rəqib futbolçu Felipe Santosun çənəsindən tutub irələdiyinə görə sonradan qırmızı vərəqə ilə cəzalanıb.

Bunlar bildiklərimiz, yəni gözlərimizin qarşısında baş verənlərdir. Hələ gör, bilib-görmədiyimiz nələr var.

Kimdir bu Elvin? Nə edib Azərbaycan futbolu üçün? Nədir bu özbaşınalığın adı? Kimdir bu uşağın arxasında dayanıb, istədiyini etməsinə şərait yaradan? Hansı əsasla özbaşınalığı, intizamsızlığı təbliğ edir?

Ətrafındakıların tərifi, ilin ən yaxşısı seçilməyə namizədliyi, bir-iki oyunda eşitdiyi tərif özünü dağ başına qoymasına səbəb olubsa, bilib, agah olsun ki, futbolçu kimi maksimumu elə Azərbaycan çempionatında oynamaqdır. Ondan artığı olsaydı, çoxdan getmişdi.

Qurban Qurbanov vaxtilə ipə-sapa yatmayan Coşqun Diniyev, Araz Abdullayev, Elvin Yunuszadə, Vild-Donald Gerye kimilərə qapının arxa tərəfini necə göstərmişdisə, Cəfərquliyevə qarşı da eyni cür davranmalıdır. Güzəştin də bəlli limiti var.

Onsuz da növbəti mövsümdən limit aradan qaldırılacaq.İşsiz qalsın, ya da gedib 3-5 min manata oynasın. Bacarmasa, gedib başqa işin qulpundan yapışsın.

Görüm, onda lotuluq edə biləcək? Rəqibin boğazından tutub, hakimlərə tüpürüb, söyməyə cəsarəti tapacaq?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti