Öldü artıq!..

24 Mart 00:40 Problem 265
Öldü artıq!..

Gecə Reanimasiya şöbəsinin qarşısında o tərəf-bu tərəfə var-gəl edəndən sonra belə qənaətə gəlmişəm ki, “Evtanaziya haqqında” Qanun Azərbaycanda da qəbul olunmalıdır.

Bilirəm, ağır qərardır, amma başqa çarə də yoxdur. Onu belə vəziyyətdə görməyə adamın ürəyi tab gətirmir.

Hər kəs ayaqüstə bitib-tükənib artıq... Sonuncu dəfə nə vaxt və nəyə təbəssüm etdiyimizi unutmuşuq. Guya bayramdır, tətildir. Bayramımız da qara gəlib...

Mütəxəssislər deyir, qan dövranı da, ürək də dayanıb, kliniki ölümdür, ümid qalıb Allaha... Düşünürəm, onun xəstəliyi kimi, biz də böyümüşük, olmayacaq duaya necə amin deyək?

Xaricdən gətirmədiyimiz mütəxəssis qalmayıb, hamısı ümid verib, başımızı aldadıb, olan-qopanımızı da alıb, nəticə də ortada...

Sonuncu dəfə Belçikada resept yazılıb, o da faydasız...

Bədxassəli şişdir, zəli kimi yapışıb boğaza...

Əslində, vaxtında üstünə düşsəydilər, səhlənkarlıq etməsəydilər, başları təkcə pul qazanmağa qarışmasaydı və müalicəsi düzgün aparılsaydı, indi belə ölümcül vəziyyətdə olmazdı.

Ən azından bu xəstəliyə qalib gələnləri tanıyırıq, elə biri qonşumuzdur. İndi dimdik ayaqdadır. Uşaqları oxudub, göndərib hamısını xaricə...

Bizim isə əsəblərimiz tamam korlanıb, artıq nəyə nə cür reaksiya verəcəyimizi bilmirik.

O gəlir pul ver, bu gəlir pul ver... Nəticə də yox!

Səhər açılıb, mən artıq qəbullanmışam. Uzatmağın, bu qədər insana əziyyət verməyin mənası yoxdur, siz də qəbul edin - Azərbaycan futbolu öldü!

Gedək ölüm kağızını alıb dəfn işlərinə başlayaq. Yazaq məzar daşına: Azərbaycan 0, Haiti 3. (qafqazinfo)

Emin Səfərov

Digər Xəbərlər
Xəbər Lenti
March
2025
SunMonTueWedThuFriSat