
“Flamenqo”nun yanvarda “Qarabağ”dan transfer etdiyi Juninyo Olavionun performansı Braziliyada birmənalı qarşılanmır.
Sportinfo.az xəbər verir ki, “Flamenqo” azarkeşləri artıq 28 yaşlı hücumçunun çıxışından narazıdır.
Onlar “Flamenqo”ya keçdikdən qısa müddət sonra zədələnən və yenicə yaşıl meydanlara dönən Juninyodan qollar gözləyirlər.
Braziliyalı futbol mütəxəssisi Mauro Sezar isə forvarda inandığını açıqlayıb. O, azarkeşlərdən Juninyoya bir qədər vaxt vermələrini istəyib:
“Bir az sakit olmaq lazımdır, çünki Juninyo Azərbaycandan yeni gəlib. Ona vaxt lazımdır.
Üstəlik, burada keçirdiyi oyun sayı da hələ azdır. Juninyo yeni kollektivə uyğunlaşa və bacarıqlı olub-olmadığını göstərə bilər”.
Juninyo “Qarabağ”dan “Flamenqo”ya bu ilin əvvəlində 5 milyon avroya transfer olunub. Forvard geridə qalan müddətdə Braziliya klubunun heyətində 1 qol vura bilib.