Premyer Liqanın pullu klubu ciddi təhlükə ilə üz-üzə qaldı

27 Fevral 14:00 Problem 981
Premyer Liqanın pullu klubu ciddi təhlükə ilə üz-üzə qaldı

Premyer Liqada işləri yaxşı getməyən “Sabah” ölkə kubokundan ikiəlli yapışıb.

Elitanın ən imkanlı klublarından olan Masazır təmsilçisi çempionat yolu ilə avrokuboklara vəsiqə qazanmağın çox-çox çətin olduğunu çoxdan anlayıb.

İlk 4 pillənin sahibi yerini bərkidib, 6-cı sıradakı “Neftçi” də hər ötən həftə yaxınlaşır.

Ölkə kubokunu hansı komandanın başının üzərinə qaldıracağı sual altındadır deyə, elitanın 4-cüsünün avrokuboklara vəsiqə qazanıb-qazanmayacağının özü belə şübhəlidir. “Sabah”ı 3-cü sıradan nə az, nə çox, tam 12 xal ayırır.

Odur ki, Vasili Berezutski ilə yetirmələrinin əsas diqqəti kuboka ayırmaları anlaşılandır. “Sumqayıt” səddi keçməli, yarımfinalda “Neftçi” – “Kəpəz” cütünün qalibi mübarizədən kənarlaşdırılmalıdır. Ancaq dildə demək qədər asan deyil.

“Tələbələr” birinci növbədə sumqayıtlılar üzərində qələbə qazanmalıdır. Masazırda baş tutan ilk qarşılaşmada qapılara top vurulmamışdı.

Bu dəfə “Sumqayıt” doğma meydanında, öz azarkeşlərinin gözləri qarşısında oynayacaq. Üstəlik, birinci dueldə uduzmamağın yaratdığı ruh yüksəkliyi var.

Bütün yarışlarda 9 oyundur qələbə qazana bilməyən “kimyaçılar” üçün bu matç “ölüm-qalım” mübarizəsidir. Premyer Liqadakı uğursuzluğu unutdurmaq üçün kubokda yarımfinalı arzu edirlər.

Vaqif Cavadovlu “Sumqayıt” istəyinə çatsa, təəccüblənmərik. Onsuz da,“Sabah” Murad Musayev gedən gündən ləngər vurur. Kubokdan kənarlaş(dırıl)ması adi qarşılanacaq. Odur ki, Sumqayıtda sözün əsl mənasında qırğın olacaq.

Fevralın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 18:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti