"O birilər yalançı ola bilərlər, amma mən yalançı deyiləm"

01:28 Problem 329
"O birilər yalançı ola bilərlər, amma mən yalançı deyiləm"

Sportinfo.az millinin sabiq müdafiəçisi Mahir Şükürovun teleqraf-a müsahibəsini təqdim edir:

- Sizcə, legioner limitinin ləğv edilməsi Azərbaycan futboluna necə təsir göstərəcək?

- Necə olacaq? Pis! Limit götürüldü, bəs 20-21 yaşadək futbolçularımız harada oynayacaqlar? I Liqaya üz tutacaqlar. I Liqada oynadıqdan sonra da biz gələcəkdə onlardan nə inkişaf gözləyə bilərik? Bütün klublarımız lazım olmayan legionerləri gətirib yığacaq, beləliklə, dəllallar pul qazanacaqlar.

- Burada qazanan kim olacaq?

- Qazanan legionerlər olacaq. Bizim futbolçuların heç biri qazanmayacaq. Yerlilərin tək çarəsi o qalır ki, özlərini göstərsinlər və gedib xarici klublarda oynasınlar. AFFA-dan da belə deyəcəklər. Amma bu, çıxış yolu deyil axı...

- Bu qərar futbolçuları daha yaxşı çıxışa sövq etmək baxımından müsbət rol oynaya bilərmi?

- Heç bir müsbət rol oynayan deyil. Milli komandalarımız, U-15, U-16, U-17, U-19, U-21 liqalarımız nə gündədir ki, futbolçular da cəsarətli olsunlar? Bizə lazımdır ki, uşaq futbolunu düzəltsinlər, ora normal məşqçilər, veteran futbolçulardan nəzarətçi qoysunlar. Limiti dəyişməklə deyil, dəyişməsi legionerlərə və klublara sərf edir. Gətirəcək əcnəbini, azərbaycanlı oynatmayacaq, gələn il azərbaycanlı deyəndə ki, 5 yox, 7 manat istəyirəm, ona söyləyəcəklər: "Yeri, çıx get, sənin yerinə başqasını gətirəcəyəm".

Futbolçu da məcburən gedib zəif klubda oynayacaq, oradan da I Liqaya düşəcək. 21 yaşlılar da Premyer Liqaya düşə bilməyəcək, gedəcəklər I Liqaya. Orada da nə inkişaf olacaq? Biz Avropa deyilik ki, uşaq yaş qrupları işləsin, problem yaranmasın.

- Klublar gətirib oynatdıqları legioner sayına uyğun əlavə rüsum ödəyəcəklər. Klubların buna büdcəsi yetəcəkmi?

- AFFA yaxşı pul qazanacaq və üstəlik, klublara hər mövsüm ayırdığı 3 milyon manatı geri götürəcək. Burada AFFA qazanır, başqa kim qazanır ki?!. Ən azından əvvəllər - biz oynadığımız dönəmlərdə klubların hamısında özəl sponsorlar var idi. İndi 3-4 klubdan başqa hamısını milli assosiasiya maliyyələşdirir. Bu tərəfdən pulu verəcək, o tərəfdən də deyəcək ki, legionerlərin sayına görə pulu geri qaytarın.

- Bəs komanda sayının artması da yerli futbolçulara müsbət təsir göstərməyəcək?

- Komanda sayının 12 olması yaxşıdır, amma gərək hərəsinin öz sponsoru olsun. Niyə AFFA-dan həmin klublara sponsor təyin edirlər? Olmaz ki, həmin klubları tapşırsınlar bir sponsora ki, onlara baxsın? O qədər pulu olan, hansısa klubu götürüb sponsorluq etmək istəyən var ki... Amma AFFA istəyir ki, öz adamlarından biri orada olsun. Hansı səbəbə görə? Buna görə irəli gedə bilmirik.

- Bəs “Qarabağ” niyə irəli gedir?

- Ona görə ki, orada AFFA-dan adam yoxdur. Yalan demirəm ki?! Digər klublarımızın hamısında federasiyanın işçiləri var, pul işinə nəzarət edirlər. Ona görə də sayı 12 kluba çatdırandan sonra kim istəyirsə və pulu varsa, bank təminatı verə bilirsə, il ərzində hansısa komandaya baxa biləcəksə, olsun sponsor. Məsələn, mən sponsor kimi hansısa klubu götürmək istəyirəm. AFFA-dan niyə yanıma adam götürməliyəm ki, işimə şərik olsun? Ona görə də boş söhbətdir, oturub yalandan "ay inkişaf belə, ay inkişaf elə" deməsinlər. Gəlsinlər çıxsınlar mənimlə debata, danışaq. Harada istəyirlərsə çıxaq, danışaq.

- Sizi yaxın müddətdə Azərbaycan futbolunda hanısa iş başında görə biləcəyikmi?

- Ehh…Mahir də bir azdan başlayacaq, hələ səbr edir. Bir azdan danışanda biləcəklər. Mən də dostum Rafael Ağayev kimi hansısa zamanı gözləyirəm. Bir də gördünüz mən də açıldım, hər şeyi danışdım.

- Sanki futboldan küsmüsünüz…

- Futbol var ki?! Biz oynayan dövrlərə baxmayın, indi yoxdur. Nümunə gətirim: “Qarabağ” nəticə verməyən kimi hamı düşür onların üstünə. “Qarabağ”dan başqa komanda yoxdurmu? Niyə onların üstünə düşmürsünüz? Niyə heç bir irəliləyişiniz yoxdur? “Qarabağ”ın öz büdcəsidir, amma qalanları hökumətin pulunu yeyib-dağıdır. “Qarabağ” ən azından özəl sektordur, öz pulunu xərcləyir, eybi yoxdur. Bəs siz hökumətin pulunu dağıdırsınız, heç qrupa da düşə bilmirsiniz. Onlar heç olmasa 3-4 tur irəliləyir, gəlirini əldə edir. Amma siz nə uşaq futbolundan futbolçu yetişdirə bilirsiniz, nə başqa xeyir verirsiniz.

- Digər klublarımız da can atır ki, Avropada çıxış etsin. Ümid edək ki, tezliklə onlar da bu uğurları təkrarlayarlar...

- Heç nə də görməyəcəyik. Nə qədər ki, səviyyəsiz legionerləri gətirib-yığıblar, düzələn deyil. “Neftçi” mövsüm başlayandan onlarla legioner gətirib, onlardan bir-ikisi yaxşıdır.

- Ürəyiniz doludur. Bəs nə zaman boşaldacaqsınız?

- Hələ tezdir. Məni verilişlərə dəvət edirlər, getmirəm. Getsəm, məcburam ki, danışım. Məni də yalançı insan kimi tanımırlar. O birilər yalançı ola bilərlər, amma mən yalançı deyiləm. Ona görə danışmıram. Özümü saxlayıram. Elə bilin, sizə söz verirlər ki, iş verəcəklər. İşə götürməsələr, nə deyəcəksiniz? Deməyəcəksinizmi, yalançısan? Mən də başlasam ki, filankəs söz verdi, əməl etmədi. Deyəcəklər ki, Mahir, sən bir az səbr etmədin.

- Sizə nə vaxtdan söz verilib?

- Çoxdan söz verilib. Hələ gözləmə mövqeyindəyəm. İndi danışsam, deyəcəklər ki, səbr edə bilmədin. Amma belə də, deyirlər, səndən yoxdur, işləməlisən. Niyə də işləməyim ki?! Nə qədər gözləməliyəm?

Digər Xəbərlər
Xəbər Lenti