
AFFA İcraiyyə Komitəsinin (İK) son iclasında bir neçə mühüm qərarlar çıxarıldı.
Onlardan bəzisi Premyer Liqa ilə bağlıdır.
Klub sayının artırılması, legioner limitinin ləğvi, əcnəbi oyunçulara görə rüsumların dəyişdirilməsi, yerli futbolçuların xilmətindən yararlanacaq iştirakçılara əlavə bonusların ödənilməsi, bunun üçün xüsusi fondun təsis edilməsi və.s.
Əlbəttə, bütün bunlar böyük planın tərkib hissəsidir. İK-nin qərarları onu deməyə əsas verir ki, AFFA üçün başlıca hədəf klub futbolu və onun inkişafıdır.
Həmçinin bizi irəlidə daha neçə-neçə mötəbər yeniliklər gözləyir.
Çempionatın coğrafiyasının genişləndirilməsi və rəqabət mühütini zəiflədən limitin götürülməsi bəlli edir ki, federasiya başbilənləri 3 illik inkişaf strategiyasının əsas konturlarından birini düzgün müəyyənləşdirib.
İndi keçid dönəmidir. İri layihələrin icrasına məhz bundan belə start veriləcək. 2024-cü ilin aprelində rəhbərliyi əl dəyişmiş AFFA-nın ötən müddətdə real durumu yüz ölçüb, bir biçməsini artıq heç kim dana bilməz.
Ölkə çempionatının təşkilatçısı olan Peşəkar Futbol Liqası (PFL) bütün bu proseslərdən kənardadır. PFL-in hansısa vəzifəli şəxsinin bu səpgidə müzakirələrdə iştirakını görmürük.
Baxmayaraq ki, Premyer Liqa adıçəkilən qurumun vizit kartıdır və PFL-in fəaliyyəti, onun işinə verilən qiymət bu yarışmayla verilir.
Təsəvvür edin, oğlan evində toydur, amma qız evinin xəbəri yoxdur.
Yaxud bir mənzillə bağlı başqa yerdə alış-veriş gedir, o mənzilin «kupça»lı sahibindən soruşmurlar ki, bəs sən nə deyirsən?
Əvvəllər İcraiyyə Komitəsinin elə bir iclası olmazdı ki, PFL-dən kimlərsə, ən pis halda kimsə orada iştirak eləməsin. Bəzən elliklə tökülüşüb yığıncağa gələrdilər.
Qərar vermək səlahiyyətləri olmasa da, müşahidəçi qismində toplantılara qatılar, azından hər hansı məsələnin müzairəsində öz fikirlərini dilə gətirərdilər.
Artıq o çağlar deyil, hamısı arxada qaldı. Həmin şəxs Ramin Musayev idi, lazım gələndə sözünü bərkdən, lazım gələndə də yavaşdan deyirdi, amma deyirdi. İcraiyyə Komitəsinin iclasları onsuz keçirilməzdi,
Sözü də söz idi, çəkisi da çəki idi. Bilirdi harada və nə demək lazımdır.
Eşidirdilər onu. Çünki AFFA-nın ovaxtkı prezidenti Rövnəq Abdullayevin sınaqdan keçmiş, ən etibarlı kadrlarından sayılırdı.
PFL-in hazırkı prezidenti Elxan Səmədov isə yeni dairəyə uzaq biridir. Biz onu federasiyanın ozamankı icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun dostu kimi tanımışıq.
PFL isə tamam başqa xətlə - gənclər və idman naziri Fərid Qayıbovun vasitəsilə gəlib. Nazir bu təyinata israr etməsəydi, heç şübhəsiz, Rövnəq Abdullayev Ramin Musayevi belə asanlıqla vəzifədən almazdı.
Gərək indi Elxan Səmədov özünü bir anlıq Ramin Musayevin yerinə qoysun və düşünsün - istənilmədiyi məkanda niyə qalsın ki? İcraiyyə Komitəsinin üzvləri Premyer Liqaya aid bu qədər məsələlər barədə onun adi sözünü, fikrini belə dinləmək niyyətində deyilsə, niyə kreslosundan ikiəlli yapışsın ki?
Yoxsa son 1 ayda mövqelərini sürətlə itirən Fərid Qayıbovun 180 dərəcə dönüş edəcəyini, ona da güc qatacağını gözləyir?
E.Səmədov 1 ildən çoxdur canıyla əlləşir, Allah şəfasını versin! Dəfələrlə əməliyyat masasına alınıb və hələ də tam sağalmayıb.
Nə vacibdir ki, PFL-də işləsin? Onsuz, ayrı biznesi, gəlir yeri var. bu dəqiqə PFL-dən getsə belə, heç vaxt acından günorta yuxudan oyanmayacaq.
Bir adam görürsə ki yaxın ətrafda hamı dəyişir, dəyişdirilir, gedən gedir, gərək o da əşyalarını toplasın.
Xoşluqla ayrılanda da bunun ləzzəti, hörməti bir başqa olur, həmişə yaddaşlarda izzətli qalırsan. Elxan Səmədov bu sadə həqiqəti dərk və qəbul etməlidir.
Nə qədər ki, gec deyil…
BİZ