
Sizə maraqlı fakt deyim.
Azərbaycanın ən istedadlı futbolçularından olan Mahir Emreli 2021-ci ildə vətəni tərk edəndən sonra 4 fərqli liqada, 4 fərqli liqada çıxış edib və iştirak etdiyi 11 turnirdə üst-üstə 27 qol vurub.
Həm də hansı liqalarda? Polşa, Türkiyə, Xorvatiya, Almaniya kimi futbolu ilə öyünə biləcək ölkələrdə.
Bu oğlanın istedadına şübhə edən adamın futboldan xəbəri yoxdur. Bacarıqsız olsaydı, Polşadan Xorvatiyaya, oradan Türkiyəyə gedib, yenidən Xorvatiyaya qayıdıb, yekunda Almaniyada qərarlaşmazdı.
Keçək əsas suala. Mahir yaxşı futbolçudursa, istedadı ilə Avropaya səs salıbsa, niyə hər il klub dəyişir? Niyə bir yerdə duruş gətirə bilmir?
Bax, əsas bəla da budur. Hələ Azərbaycanda oynadığı dövrdə xarakterindəki nöqsanlara görə azarkeşlərin məsxərəyə qoyduğu solaxay həmyerlimiz heç bir halda dəyişmək, böyümək, peşəkarlaşmaq istəmir.
Küsəyən, ərköyün, eqoist, özündənrazı tipindən qurtula bilməyən Emreli illərdir bunun acısını çəkməkdədir. Məhz bu keyfiyyətlər istedadını kölgə altında qoyur, komandalardakı yerini dar edir.
Eyni şeyi “Legiya”da yaşamışdı, müəyyən mənada “Dinamo”da təkrarlandı, indi də “Nürnberq”də davam etdirir.
Gör, vəziyyət nə həddə çatıb ki, Almaniya kimi ölkənin aparıcı nəşrlərində Miroslav Kloze kimi dahidən çox Mahir Emrelidən bəhs edilir. Gah futbolçu yoldaşları ilə yola getmədiyini yazırlar, gah “Nürnberq”i tərk edəcəyini, gah də Koreyaya üz tutacağını.
Ağılsız deyillər ki, əsassız nəsə yazsınlar. Deməli, eşidib-bildikləri nələrsə var. Və azərbaycanlı futbolçunun “Nürnberq”in daxilində problem yaşayıb-yaratdığından məlumatlıdırlar.
Deyək, polşadakılar tələbkar idi. Deyək, xorvatlar azərbaycanlı futbolçunu qəbul etmirdi. Deyək, almanlar... Deyə bilmirik axı.
Adama sual verərlər, nə oldu, hamı pis oldu, bir Mahir yaxşı?
Adam iyulda 28 yaşını tamamlayıb 29-a keçəcək. Bu günə qədər dəyişə bilməyibsə, bundan sonra çətin. İllər keçəcək, Mahir yaddaşlarda istedadını xarakterinə qurban verən futbolçu kimi xatırlanacaq.
O an güzgünün qarşısında dayanıb öz-özü ilə söhbət edəndə, jurnalistləri, azarkeşləri, onu sevənləri başa düşəcək.
Onda gec olacaq.
HƏBİB / SPORTİNFO.AZ