Xəbəri eşidib, ABŞ-dan Bakıya “bomba atdı”: “Kimlərinsə cibinə pullar gedəcək”

18 Fevral 16:40 Problem 1 817
Xəbəri eşidib, ABŞ-dan Bakıya “bomba atdı”: “Kimlərinsə cibinə pullar gedəcək”

Növbəti mövsümdən etibarən Premyer Liqada legionerlərə qoyulan limitin aradan qaldırılması birmənalı qarşılanmadı.

Bunu yerli futbolçuların inkişafına zərbə kimi qələmə verənlər də tapıldı, məlum şərtlər altında azərbaycanlı oyunçuların və çempionatın səviyyəsinin yüksələcəyini iddia edənlər də.

İcraiyyə Komitəsinin sonuncu iclasında çıxarılan qərar ABŞ-dakı həmyerlimizi də dilə gətirib.

Uzun illər Premyer Liqada top qovan, xeyli vaxtdır okeanın o biri tayında yaşayan Nicat Qurbanov sosial şəbəkə hesabında limitin aradan qaldırılmasına sərt reaksiya verib:

“Ara sakitləşmişkən, mən də legioner limiti ilə bağlı öz fikirlərimi bölüşmək istəyirəm. Ümumiyyətlə, bu qərar Azərbaycan futboluna vurulmuş ən böyük zərbədir.

Şərtlər nə olursa-olsun, bir oyuna 17 xarici oyunçunun sifariş verilmə imkanı Azərbaycan futbolu üçün fiaskodur! Bu qərar kimlərinsə cibinə əlavə pulların gedəcəyi deməkdir. Futbolun içində olanlar bilir ki, transferlər necə həyata keçirilir.

Kim ki, bu qərarın azərbaycanlı futbolçuların xaricdə oynaması üçün verildiyini düşünürsə, sizə cavabım budur: MÜMKÜN DEYİL!

Bizim futbolçuların xaricdə oynamaq üçün hazır olmaları lazımdır. Son illərdə ən üzdə olan futbolçumuz Mahir Əmrəlidir, o da hər il bir komanda dəyişir.

Əgər “xaric” dedikdə Estoniya, Latviya, Moldova kimi ölkələr nəzərdə tutulursa, vay bizim halımıza!”

Karyerasını 2021-ci ildə başa vuran keçmiş futbolçu vaxtilə “Neftçi”, “Simurq”, AZAL, “Zirə”, “Kəpəz”, “Sumqayıt”, “Keşlə” kimi komandaların heyətində 200-ə yaxın oyunda meydana çıxıb, Gürcüstanda (“Samtredia”da) legioner həyatı yaşayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti