![ŞOK AÇIQLAMA! “Mən vaxtilə millinin formasını geyinmişəm deyə, bunları söyləməli deyiləm?”](https://www.sportinfo.az/media/2025/02/13/ramiz.jpg)
«Mən bu qərarı ikiəlli dəstəkləyirəm. Səlahiyyətli şəxslər çox düzgün qərar veriblər».
Millinin sabiq müdafiəçisi Ramiz Məmmədov Sportinfo.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) Premyer Liqada legioner limitinin ləğvi ilə bağlı qərarına belə münasibət bildirib.
Vaxtilə «Qarabağ», «Neftçi», «Kəpəz», «Kür-Nur» kimi iddialı klubların formasını geyinmiş veteran deyib ki, İK-nin yanaşması günün tələbləri ilə üst-üstə düşür:
«Futbolda hər şeyi öz adıyla çağırmaq və ona düzgün qiymət vermək lazımdır. Növbəti mövsümdən Premyer Liqada limit olmayacaq.
Mən görürəm ki, komitənin qərarına münasibət birmənalı deyil. Amma məncə, bunu daha əvvəl də etmək olardı.
Limit daha tez ləğv edilsəydi, millimiz UEFA Millətlər Liqasında D divizionuna yuvarlanmazdı. Futbolumuzun bundan ağır günü ola bilməz.
Legionerlərə tətbiq olunan məhdudiyyət ötən illər ərzində futbolumuzu xeyli geri saldı. Çünki əksər yerli oyunçularda arxayınlıq yaranmışdı.
Rahat idilər ki, layiq olduq, ya olmadıq, həmişə meydana çıxacağıq, çoxlu pul qazanacağıq. Qiymətləri süni şəkildə artırmışdılar.
İndən sonra belə olmayacaq. Özünü, ailəsini, gələcəyini fikirləşənlər bütün fikrini futbola verəcəklər.
Daha barlara, əyləncə məkanlarına, çay evlərinə tez-tez getməyəcəklər, gecə həyatlarına diqqət yetirəcəklər. Mən vaxtilə millinin formasını geyinmişəm deyə, bunları söyləməli deyiləm?
Sözün düzünü danışmaq lazımdır. Limit qalsaydı, milli daha da zəif çıxış edəcəkdi.
Bundan sonra ora yalnız layiq olanlar, əziyyət çəkənlər dəvət alacaq, keyfiyyət də artacaq. Hamısı o yerə zəhmətlə gedib çıxacaq.
Çünki futbolçu görəcək ki, daha asanlıqla çörək qazana bilməyəcək. Evinə pul aparmaq üçün gecə-gündüz işləyəcək.
Bu gün o çörək 50-100 kiloluq daşın altındadır. Onun üçün özünü oda-közə vurmalı olacaq.
Əziyyətlə qazanılan pul həmişə şirin olur. Futbolçu həmin əziyyəti görəndə, qazandığı pulun da qədrini biləcək».
R.Məmmədov qeyd edib ki, elitada legionerlərə qoyulan məhdudiyyətin götürülməsi I və II Liqanın səviyyəsini qaldıracaq:
«Çünki Premyer Liqada rəqabətə dözməyənlər, o səviyyə ilə ayaqlaşa bilməyənlər bu çempionatlara üz tutacaq. Əsas odur ki, yaş limiti qoyulmayacaq.
2018-ci ildə Birinci Liqada yaş senzi tətbiq olundu, xeyli sayda futbolçu futbolun daşını atdı. Artıq belə problem yaranmayacaq.
Onda Birinci Liqa uşaq bağçasına bənzəyirdi, bundan sonra isə orada rəqabət güclənəcək. Bu da olanda, klublar yerli futbolçulara normal maaş ödəyəcək.
Yəni ki, kim özünü göstərəcək, komandalar da ona şans verəcək».