VAR hakimlərin var-yoxunu xilas etmir

01:00 Problem 138
VAR hakimlərin var-yoxunu xilas etmir

7-8 gün öncəydi, bir də gördüm, məni sosial şəbəkədki “Gizli qalatasaraylılar” qrupuna üzv etdilər.

Daha niyə “gizli”? Sektadır, nədir? Gizlənib, nə edəcəyik?

Çox keçmədi, simsar virtual dostlardan biri daxili poçtuma yazdı ki, məni “Gizli qalatasaraylılar” qrupuna dəvət edən odur. Çox xub. Bəradərə yazdım ki, düzünə qalsa, “Bandırmaspor” azarkeşiyəm, amma “Qalatasaray”a da azarkeşlik edirəm.

“Bandırmaspor” azarkeşliyi söhbəti zarafat idi. Amma “Qalatasaray”a rəğbətim olduğu ciddiydi. Əslinə qalsa, mənim futbol azarkeşliyim analoqsuzdur. Qardaş ölkənin, eləcə də öz ölkəmizin Avropa liqalarında oynayan bütün komandalarına azarkeşlik edirəm.

Türkiyədə belə şey yoxdur. Bir “Fənərbağça” azarkeşi əsla “Qalatasaray”ın Avropa klublarından birinə qalib gəlməsini istəməz. Eləcə də, əksinə. Hətta bu xüsusda bir epizod bilirəm. Bir dəfə “Fənərbağça” Yunanıstanın “Olimpiakos” komandası ilə oynayanda qapısından qol buraxıb, bakılı “Qalatasaray” azarkeşi necə “qooool!” deyə qışqırıbsa, qonşular elə bilib, ya qonşuluğa yunanlar köçüb, ya da Afinadan qonaq gələn var. Futbol fanatikliyi o dərəcədə.

Əlbəttə, dini və siyasi fanatiklikdənsə, futbol fanatikliyi yaxşıdır. Birincidə adamın belinə “şəhid kəməri” bağlayıb terror aktı törətməyə göndərirlər, ikincidə yol türmədən keçir, üçüncünü isə rəqib azarkeşlərə sataşmaqla, söyüşməklə yola vermək olur.

İntəhası, son illərdə bir çox ölkələrdə, o cümlədən qardaş ölkədə bu işin şitini, şorunu çıxarıblar. Kənardan baxanda adama elə gəlir ki, Türkiyədə qalatasaraylılar, fənərlilər, trabzonsporlular, adanasporlular, bursasporlular və 60-70 fərqli adda xalq yaşayır. Hamısı da bir-birilə düşməndir. Bu nə fanatizmdir, bu, nəyin azarkeşliyidir, baş açmaq olmur.

Özü də bu, indinin söhbəti deyil. Böyük türk satiriki Əziz Nesin hələ 60 il öncə yazmışdı ki, türk xalqı stadionlara yığılıb “qool” bağırınca, hökumət evinin qarşısında toplaşıb, “ol!” qışqırsa, ölkədə problem qalmaz.

Amma nə edəsən ki, xalqın bütün enerjisi, həvəsi, ehtirası, hirs-hikkəsi stadionlarda boşuna sərf olunur, gedir.

Futbol tamaşaçılar üçün şoudur, tamaşadır, amma oynayanlar və oynadanlar üçün başqa şeydir. Futbolu oynadanlar üçün bu, böyük, milyardların dövr etdiyi biznesdir. Klub rəhbərləri matçlardan, mərclərdən, transferlərdən, reklamlardan, klubun forma və digər aksessuarlarının ticarətindən, lap belə oyun alqı-satqısından milyardlar qazanırlar. Ona görə də onların futbola belə aşırı ehtirasla yanaşması təbiidir. Elə oyunçular da həyatlarını dəyişdirəcək qədər çox pul qazanırlar. Bir də görürsən, Afrikanın günəş qovuran, ilan mələyən kəndlərindən birində ayaqyalın böyümüş gənc sırf yaxşı futbol oynadığına görə Londonda, Parisdə villa sahibi və lüks avtomobillərdən ibarət qarajın yiyəsi oldu.

Bəs azarkeşlərə nə düşüb? Üçdə alacaqları, beşdə verəcəkləri yoxdur. Hətta bu azarkeşlik onlara maddi planda ziyan gətirir – baha qiymətə bilet alıb stadiona gedirlər, bahalı futbol köynəkləri alırlar, bəziləri bəhs kontorlarında mərc qoşub uduzurlar, xroniki stressə görə ürək-damar xəstəliyi tapırlar və sair və ilaxır.

Çox pulların dövr etməsindəndir ki, İtaliya və Türkiyə kimi ölkələrdə futbol təsərrüfatında ciddi öcəşmə, qırğın-qiyamət var. Hakimlərin üzü tüpürcəklidir. Artıq heç bir hakim derbi matçlarını idarə etmək istəmir. Çünki tərəflər çox cığaldırlar. İki komandanın hansı uduzsa, hakim söyülür – həm də bütün nəsl-nəcabəti, çərçivədən keçənləri ilə birlikdə. Derbi heç-heçə bitsə, yenə hakimlər söyülür – bu dəfə ikiqat. Çünki komandaların ikisinin də azarkeşləri nəticədən narazı qalır. Heç tətbiq edilən VAR sistemi də hakimlərin və futbol federasiyası rəhbərlərinin var-yoxunu xilas eləmir.

Bax, dünən “Qalatasaray”-“Adanaspor” matçında ortalıq yenə qarışıb. Adanalı futbolçular oyunun 33-cü dəqiqəsində meydançadan çıxıblar ki, hakimlər tərəf tutur. İndi orada hamı bir-birinə qarışıb, bizim azarkeşlər də onlara qoşulub.

Belə futbolun nəyinə azarkeşlik edəsən? O komandaya azarkeşlik edərsən ki, təmiz oynayır, halal qələbələr, kuboklar qazanır, fırıldağa, şikəyə yol vermir, cığallıq etmir, feyr-pley qaydalarına riayət edir. Dünyada üç dənə elə komanda yoxdur, olsa-olsa, bir-iki dənədir. Ona görə də oyun zamanı özünə ziyan olsa da, ədalətli davranan məşqçiyə mükafat verirlər.

Mən özüm 1986-cı ildə “Dinamo-Kiyev” azarkeşiydim. O çempion heyətin tərkibi hələ də yadımdadır. Amma ondan bir il sonra tərifli “Dinamo” Kiyevdə “Neftçi”yə üç saxta penalti ilə zorla qalib gəldi. “Neftçi” 1:0 öndəydi. Minski hakim Juk (əclafın biriydi) qapımıza penalti verdi. Mixayliçenko vura bilmədi. Sonra hakim 77-ci dəqiqədə bir penalti də verdi. 1:1 oldu. Bəs etmədi. 90-cı dəqiqədə Juk daha bir penalti verdi. Bambılı Belanov vurdu və sevincindən göyə elə sıçradı ki, sanki böyük əziyyət çəkib. O vaxtdan bəri “Dinamo” azarkeşliyim sıfırlanıb.

Dediyim odur ki, futbola görə, hansısa klubun rəhbərliyi milyardlar, milyonlar qazanacaq deyə özünü lezvalamağa dəyməz. İndiki futbol azarkeşliyi Mask və Bezosun pul qazanmağına azarkeşlik etmək kimi şeydir.

Samir SARI

Digər Xəbərlər
Xəbər Lenti