COP29

Millinin sabiq oyunçusu: “AFFA limiti ləğv etsə, mən bu qərarı dəstəkləyəcəm”

28 Yanvar 19:40 Problem 825
Millinin sabiq oyunçusu: “AFFA limiti ləğv etsə, mən bu qərarı dəstəkləyəcəm”

«Kim legioner limitinin futbolumuzun inkişafına xeyir verəcəyini fikirləşirsə, bilsin ki, elə deyil».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

Uzun illər millinin formasını geyinmiş, daha sonra «Bakı», «Sumqayıt», «Neftçi» və «Şamaxı»da funksioner kimi böyük təcrübə toplamış, hazırda isə menecer olaraq fəaliyyət göstərən müsahib AFFA-nın legioner limitini ləğv etmək istəməsinə münasibət bildirib.

Deyib ki, hər şey bir limitdən asılı deyil:

«Limit yalnız inkişafın bir qoludur. Sadə bir misal çəkəcəm. Bu gün biz sağ müdafiəçisi mövqeyinə yerli tapa bilmirik.

Deməli, problem təkcə limitlə bağlı deyil. Bu, daha çox aşağıdan gələn problemdir.

Biz onun həllini tapmalıyıq. Limit götürülsə belə, yenə bütün komandalar 11 legionerlə meydana çıxmayacaq.

Məhdudiyyəti tamamilə aradan qaldırmaqla yanaşı, müəyyən kriteriyalar qoyulmalıdır. Kənardan gələn oyunçular müəyyən şərtlər daxilində seçilməlidir.

Millinin üzvü olmaları kimi bir neçə şərt tətbiq edilməlidir ki, klublar hər legionerlə müqavilə bağlamasın. Onsuz da, bütün klubların çoxlu sayda legioner almağa gücü çatmayacaq.

Xüsusən də aşağı yerlərdə gedənlərin. Məcbur qalıb, yerli futbolçuları oynadacaqlar.

Heç kim düşünməsin ki, bu gün limit yığışdırılsa, azərbaycanlı uşaqlar klubsuz qalacaq. Limit yığışdırılsa belə, aşağıda gedən komandalar onlara üz tutacaqlar.

Legioner limitini tək Premyer Liqada yox, Birinci Liqada da yığışdırmaq lazımdır. Oranın da səviyyəsini qaldırmalıyıq.

Biz bu gün yalnız Premyer Liqadan yapışmışıq. Futbolumuz yalnız Premyer Liqadan ibarət deyil.

Gərək Birinci Liqanın da səviyyəsi qalxsın ki, Premyer Liqaya düşməyən futbolçular çəkinmədən ora getsin. Avropada necədir?

İspaniya, İtaliya kimi ölkələrdə birinci və ikinci liqaların əksər klubları əsas çempionatla rəqabət apara bilir.

Ancaq biz Birinci Liqaya limit tətbiq etmişik, üstəlik, hər legionerə görə 5000 manat rüsum istəyirik.

İllik büdcəsi 300 min manat olan klubun buna necə gücü çatsın? AFFA ümumi keyfiyyəti qaldırmaq üçün Premyer Liqa ilə bərabər, Birinci Liqanı da fikirləşməli, limiti qaldırmalıdır.

Bunlar hamısı bir-birinə bağlı məsələlərdir. Təkliflər çoxdur.

Əgər mənə qalsa, bir ay oturub fikrləşməli, plan hazırlamalıyam ki, nəyi necə eləmək olar. Limit oəğv olunsa, məncə, bundan qazanan Azərbaycan futbolu olacaq.

Əmin edirəm, heç bir azərbaycanlı futbolçu batmayacaq. Fikir verin, hazırda 7+4 limiti qüvvədir.

Bu vəziyyətdə belə, biz lazımı sayda yerli futbolçu tapa bilmirik. Bir çox məşqçilər limitə görə məcburdur onları oynatmağa.

10 klubun səkkizində sağ cinah müdafiəçisi mövqeyində azərbaycanlı oynayır. Amma «Qarabağ»a baxın.

Abbas Hüseynov burada Marko Veşoviçin əvəzləyicisidir. Biz bu zonada belə, yerli qıtlığı ilə üzləşiriksə, deməli, problem limitlə bağlı deyil.

İcraiyyə Komitəsi limiti ləğv etsə, mən bu qərarı dəstəkləyəcəm. Futbolun inkişafına təkan verəcək istənilən qərar olsun təki».

Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 16:20 "Qarabağ" yolda - FOTOLAR