Azərbaycanda kiminsə pulunu saymaq, qonşunun, qohumun gəlirini, malını-mülkünü hesablamaq bineyi-qədimdən dəbdə olub.
Kənd çayxanalarında oturub boş-bekar domino oynayanların mövzusu oxşardır: “Filankəs qaz vurub-qazan doldurur, bəhmənkəs özünə təzə maşın alıb”.
Amma deyən yoxdur ki, həmin qonşu o maşını almaq və ya evini təzələmək üçün nə qədər əziyyət çəkib, nə qədər işləyib.
Siz çayxanada altı qoşanı çıxdaş eləmək üçün səs-küy salanda adam qapısında tər töküb işləyir, halal zəhməti ilə pulunu qazanırdı.
Ara-sıra məşhur şəxslər haqqında da bu cür səviyyəsiz söhbətlər, dedi-qodular yayılır. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun köynəyinin qiymətini müzakirə etmələri yadınızdadır?
1835 manatlıq köynəyi Qurban müəllim geyinməsin, bəs kim geyinsin? Adam illərdir Azərbaycan futbolunun, “Qarabağ”ın uğurları üçün əlindən gələni edir,
Ağdam təmsilçisini hardan-hara gətirib? Məgər onun bu qiymətə köynək almağa haqqı çatmır?
Ya da bəzən Qurbanovun maaşı haqqında mətbuatda xəbərlər çıxır. Kvaratsxeliya PSJ-yə 10 milyon maaşa gedə bilir, “hoca” Azərbaycanda bundan 10 dəfə az maaş ala bilməz?
Nə var, nə var azərbaycanlıdır, ona görə onun köynəyinin qiymətini, maaşını müzakirə etməliyik?
İndi AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyevin ayda 6700 manat maaş alması xəbərini ortaya atıblar.
Əgər klubların idman direktorlarının orta aylıq əmək haqqısı 5-6-mindirsə, AFFA-nın icraçı-vitse prezidentinin maaşı nə qədər olmalıdır?
Yaxud da Premyer Liqa klublarının mətbuat xidməti rəhbərlərinin orta aylıq maaşı təxminən 2000-2500 manatdır.
Adam azı 10-12 saat AFFA-da oturub işini görür və halal maaşını alır.
Xələfi kimi şəhərin mərkəzindəki evini millinin əcnəbi baş məşqçisinə kirayəyə verib büdcənin pullarını sağ cibdən sol cibə ötürmür ki!
Yaxud da dostunun vasitəsi ilə gələn bütün məşqçilərdən əlavə “otkat”lar qazanmır axı.
Tənqid yaxşı şeydir, oxuyursan, bundan nəticə çıxarmağa çalışırsan. Bu gün AFFA-nın fəaliyyətində onlarla tənqid olunası məqamlar tapmaq mümkündür.
Həlledici qərarlar verməyə gecikirlər, kadr islahatları yubanır, uşaq liqalarında yetərincə problemlər var. Bunu heç kim təkzib etmir.
SPORTİNFO.AZ