COP29

“Bu, heç fransuzki də deyilmiş ki…”

07:30 Problem 74
“Bu, heç fransuzki də deyilmiş ki…”

Bir nəfərdən zəndeyi zəhlən gedər, hər görəndə əsəb keçirərsən. Heç yadına salmaq, üzünü görmək istəməzsən, di gəl hardansa “qəfil asqırıq” kimi fırlanıb gəlib çıxar adamın qabağına. Bu aralar biznən Fransanın məsələsi dönüb ona. Ha deyirik ki, “Avropanın göbəyindəcə” oturub, qeyri-qanuni arvad saxlayan həcilər misalı, 21-ci əsrdə hələ də müstəmləkə “saxlayan” bu dövlətnən işimiz olmasın, di gəl nə isə bir şey tapılır, çıxır ortaya. Hər yeni ortaya çıxan fakt adamı əmin edir ki, yaşadığımız bu müasir zamanla, “Avropanın göbəyi”ndə belə bir ölkənin varlığı nə isə düz gəlmir. Deyəsən bir xeyli aşağıya doğru sürüşüb “sevimli” Fransa.

“Yenə nə olub?” soruşsanız, əvvəlcə deyim ki, “yenə” olmayıb, əslində yaydan bəri var. Di gəl, həmin o zəhlən gedən adam səhv edəndə, növbəti dəfə özünü biyabır edəndə necə ki, sən qabağa düşüb nəsə demək istəməzsən ki, kənardan baxanlar deyəcək “elə bunun zəhləsi gedir ondan, bəhanə axtarır”. Eyni ilə də, biz uzun müddətdir ki, susmuşuq. Hətta mən özüm, az qala unudurdum o boyda biyabırçılığı. O gün işə gələndə radioda yenidən eşitdim, yadıma düşdü. Bəli, söhbət “Paris-2024” olimpiadasının biyabırçı təşkilatçılığından sonra ortaya çıxmış daha ciddi problemdən, medallarının keyfiyyətsizliyindən gedir. Artıq dünyanın hər yerindən idmançılar bu məsələ ilə bağlı etiraz etməkdədirlər. Və bu etirazların sayı günbəgün artır. Fransanın açılışından bağlanışına qədər “əlinə-üzünə bulaşdırdığı” bir təşkilatçılıqla keçirilən tədbir bitsə də, biyabırçılıq bitməyibmiş.

Radiodan sonra dedim bir internetdə də axtarış verim, görüm məsələ nə yerdədir. Məlum oldu ki, nəinki dünyanın müxtəlif yerlərindən, elə məhz Fransanın özündən də şikayət edən xeyli idmançı var. Məsələn, fransalı üzgüçülər Kleman Sekki ilə Yohann Ndoy Bruar da narazılar ordusunun sıralarına qoşulubmuş. Onların hər ikisi olimpiadanın estafet yarışında bürünc mükafata yiyələnmişdilər. Yohann Ndoy Bruar ölkəsinin yarıtmaz təşkilatçılığını lağ-lağı obyektinə çevirib, "Paris 2024" əvəzinə "Paris 1924" yazaraq təşkilatçıları ələ salıbmış. Kleman Sekki isə medalları "timsah dərisi"nə bənzədirmiş. Amma sən demə bunlar heç timsah dərisi də deyilmişlər...

Hələ oyunlar başlamamışdan əvvəl Yerli Təşkilat Komitəsinin mənzil-qərargahında baş tutan tədbirdə qurumun sədri Toni Estanqe müəllim “Medalların böyük zəhmət bahasına və çətinliklə başa gəldiyini” bildiribmiş. Hörmətli sədr deyibmiş ki, qızıl, gümüş və bürünc medalların Eyfel qülləsinin qiymətli metalı ilə eyni qarışıqda olması üçün nəhəng iş görülüb.

Fransızlar ümumilikdə diametri 85 mm, qalınlığı 9,2 mm olan 5084 ədəd “fransuzski” medal hazırlayıblarmış. Qızıl medalın çəkisi 529, gümüşünkü 525, bürüncünkü 455 qramdır. Medalların ucdantutma hamısına da Eyfel qülləsinin materialından 18 qram əlavə edilibmiş. Deyəsən, məsələ aydın olur.

Sən demə, “Qarğaya dedilər get, dünyada ən gözəl quşu gətir, getdi öz ətcə balasını gətirdi” misalını rəhbər tutan cənab Toni, dolayısı ilə Fransa, minillik olimpiya medalının materialına öz “ətcə balaları” Eyfelin materialından qatıbmış. Amma unudub ki, “qatıb-qarışdırmaqda” mahir ölkə olmaq hələ o demək deyil ki, elə bütün qarışdırmaqlar sənə uğur gətirəcək. Nəticədə bizim “Yol əhvalatı” filmindəki ifadə, azca dəyişikliklə özünü doğruldub. Medallar elə məhz “nə bilim nə zibilski” olub qalıblar ortalıqda. “Yol əhvalatı” demişkən, elə həmin filmdən ikinci məşhur ifadəni xatırlamamaq da olmur: “Sizdən adam olmuyub, olmuyacaq da!”

Amma onu da deyim ki, Makrona qalsa, deyəcək yox e, niyə elə deyirsiniz, nə olub ki? Ardınca da özünəməxsus “əlahiddə həyasızlıq” bacarıqlarını dərhal işə salıb, xeyli əks-arqument gətirə bilər. Birincisi, cənab Makron deyə bilər: “Medalların keyfiyyətsiz çıxmasında pis heç nə yoxdur. Əksinə, bu bir daha göstərir ki, medallar tam halal yolla qazanılıb. “Mal yiyəsinə oxşamasa, haramdır” demirdinizmi, buyurun, medallar bizə, təşkilatçı ölkəyə görün necə bənzəyir. Götürün, halal xoşunuz olsun!”

İkinci arqument olaraq, fransız prezident deyə bilər ki, biz əslində idmançıları daha yüksək yerlər tutmağa sövq etmək üçün belə etmişik: “Gördüyünüz kimi, ən çox şikayət bürünc medallardan gəlir. Bu da o deməkdir ki, o idmançılar bundan sonra gümüş və qızıl medal almaqçün çalışacaqlar. Bir növ stimul vermiş oluruq. Bunun nəyi pisdir ki?”

Mən hiss edirəm, siz gülürsünüz, bu yazdıqlarıma inanmırsınız. Amma cənab Makronun bir-iki bəyanatını tapıb oxusanız, əmin olacaqsınız ki, o insanda bu potensial var. Bunların hamısını və daha artığını deyə bilər. Elə şeylər deyə bilər ki, heç bizim ağlımıza da gəlməz.

Amma nə deməyindən asılı olmayaraq, bu dəfə əlahəzrət fakt düz ortadadır, idmançıların sinəsində! Diametri 85 mm, qalınlığı 9,2 mm olan, dünyanın hər bir tərəfinə səpələnmiş fakt. Gündən - günə paslanmaqda olan medallar Makron Fransasının tam özüdür ki, durub. Bu gedişlə digər sevilən filmimiz “Bəyin oğurlanması”ndakı obraz demiş, “Bir kişi çıxıb o daşı götürüb çırpacaq İsrafilin (oxu-Makronun) başına!”

Vay o gündən ki, bu “kişi” elə fransız xalqının özü ola. Niyə də yox? (qafqazinfo)

Çingiz Özgür

Digər Xəbərlər
Xəbər Lenti