Deyəsən, Mahir Emreli yayda, bəlkə də ondan daha tez «Nürnberq»dən ayrılmalı olacaq.
Almaniyadan yaxşı xəbərlər gəlmir hər halda. Son vaxtlar yerli mediada çıxan məlumatlar çox pis yöndədir.
«Bild» başda olmaqla, ölkənin bütün mətbu resursları Miraslov Klozenin onunla münasibətlərinin gərginləşməsindən, hətta qırılma nöqtəsinə çatmasından yazır.
Qulaq gündə bir şey eşitməsə, kar olar. Amma od olmayan yerdən tüstü də çıxmaz. Bu da bizim sözdür.
Mahiri tanıyırıq, xasiyyətinə, xarakterinə bələdik. Qurban Qurbanov o hələ «Qarabağ»da oynadığı dönəmlərdə zaman-zaman bu haqda danışırdı.
Düzdür, media önündə futbolçusunu pisləmirdi, tənqid etmirdi, amma bilirik ki, komanda daxilində hansı sərt tədbirlərə əl atıb. geyimindən tutmuş ta danışığına, rəftarına, şəxsi həyatına kimi şər şeyi nəzarətdə saxlayıb, gözündən bir addım o yana qoymayıb. Lazım bildiyində, geyim-keçiminə də qarışıb, onu paltarını dəyişməyə.
Daha səliqəli geyinməyə məcbur edib.
Qısacası, başını qaldırmasına, özünü ərköyün aparmasına imkan verməyib. Gündəlik işdə, həyatda başının üstündə «domokl qılınc»ı kimi asılsa da, meydan çıxdığında arxasında dayanıb.
Mahir azarkeşlər tərəfindən tənqidə, təhqirə məruz qalanda da tövrünü dəyişməyib, arxasında dayanıb, ürək-dirək verib, oynadıb.
Qurbanov yox, bir başqası olsaydı, yaşıl sahədə qeyri-sabit çıxış edən, bu səbəbdən fanatların linc aksiyasına məruz qalan, meydandan kənarda daim qalmaqallarla gündəmdən düşməyən bir futbolçunu «Qarabağ»da 6 il saxlamazdı.
O, dözdü və saxladı. Mahir daha da böyümək, Avropanın daha prestijli klublarında oynamaq fikrində ciddi olsaydı, yeni müqavilə təklifini qəbul edərdi, 2021-ci ilin yayında «Legiya»ya yollanmazdı.
Getdi və elə zənn etdi ki, burada da qarşısına ikinci Qurban Qurbanov çıxacaq, yeri gəlsə, nazını çəkəcək.
Polşada 6 aydan artıq qala bilmədi. «Legiya» fanatlarının komandanın avtobusuna hücum çəkməsi, bəzi futbolçularla yanaşı, ona da əl qaldırmalarını götürə bilmədi, bir qədər sonra ölkədən qaçdı, axırda da klubla məhkəmə çəkişməsini uduzdu.
2022-ci ilin ilk yarısında «Dinamo» ilə bağladığı müqavilə də ona uğur gətirmədi. Tez-tez zədələndi, əsas heyətdə boy göstərmək sevdası suya düşdü, «Konyaspor»a icarəyə verildi.
Türkiyə Super Liqasında da bir neçə ay keçirdi, təzədən Xorvatiyaya döndü. Dəyişən baş məşqçilərin heç biri ona yetərli sayda şans tanımadı, sadəcə, ehtiyatda qala-qala titullar qazandı: bununla sv-sini və şəxsi büdcəsini doldurdu.
2024-cü ilin yayından başlayan «Nürnberq»də də ondan gözləntilər böyük idi. Miroslav Klozenin şəxsən telefon açdığı, özünü təqdim edəndən sonra «no» duyməsini basan Mahirə II Bundesliqada başqa cür baxılırdı.
Gələcək və «buraları dağıdacaq» deyə. O deyənlər deməyində olsun, görün, bizim Mahir neylədi.
Qol vurdu, durdu, qol vurdu, durdu… və neçə həftədir ki, yenə «oruc tutub».
Düşərgədən isə hay-küy və qışqırtıdan savayı heç nə eşidilmir. Yerli pressa Klozenin demək olar ona səsinin tonunu qaldırmasından, ikincinin də baş məşqçiylə addımbaşı mübahisə etməsindən yazır.
Bu, bizdə narahatlıq və həyacan yaradır.
Millimizin hücumçusu hər nə qədər barəsində çıxan xəbərləri təkzib etsə və iç münasibətlərin yaxşı olmasını iddia eləsə də. Kloze işinin başında qalsa, böyük ehtimalla, yayda Mahirə qapını göstərəcək, «buyur, get» söyləyəcək.
Onsuz da, müqavilə birillikdir.
Hamı Qurban Qurbanov deyil ki, bir əlində kökə, bir əlində kötəklə futbolçunu kontorla saxlasın, komandanı və onun özünü düşünsün.
Mahir keçmiş hocasını axtara-axtara Avropanın küçələrində dolaşmaqdansa, ağlını başına yığmalı, bütün fikrini futbola verməlidir.
Kloze bütün Almaniyanın sevdiyi hücumçu olub, indi də II Bundesliqada nəticə qazanmaq, məşqçi kimi tanınmaq, məşhurlaşmaq istəyir.
Bir Mahir yox, on Mahir də olsa, o, öz prinsiplərindən, hədəflərindən vaz keçən deiyl. Eloğlumuz gərək bunu başa düşsün, yoxsa hər ay bir ağacda yuva quran və oranı tərk edib gedən sərçə kimi yaddaşlarda iz buraxacaq.
Bununla tək özünə pislik etmir, II Bundesliqada oynaya biləcək digər azərbaycanlı futbolçuların da ora yolunu bağlamış olacaq.
Almanlar dəqiq və intizamlı millətdir, səs-küy sevməzlər. Hər addımbaşı səs-küy salanı heç sevməzlər.
Mahir şou əhlinə yaxındır deyə, ağlı «Bozbaş Pikçers»dəkilərə gedib, «Nürnberq»də ciddiyyət göstərmir.
Beləcə, özünü də «batırır», özündən sonra gələ biləcək olanları da.
MUSA