Rəsmi Moskva “Rossiya” telekanalının “Vesti nedeli” proqramında yayımlanan süjetdə Zəngəzur dəhlizi terminindən istifadə edilməsinə görə Ermənistanın Rusiyaya etiraz notası verməsinə münasibət bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə qeyd edib ki, burada söhbət jurnalistin sözlərindən gedir.
“Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı hədsiz emosional mənfi reaksiyası çaşqınlıq yaradır. Biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitmişik, üstəlik də, hazırkı Ermənistan rəhbərliyi bunu özünün imperativi edib.
Bu, birincisi... İkincisi isə, bizim rəsmi mövqeyimiz İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik”, - deyə Zaxarova əlavə edib.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin sözügedən proqramda Zəngəzur dəhlizi ilə bağlı fikirlərin səsləndirilməsinə görə ötən gün Ermənistan XİN-ə çağırılıb, ona etiraz notası təqdim edilib.