COP29

"Bir-birlikdə qazanır, birlikdə məğlub oluruq"

09:00 Problem 138
"Bir-birlikdə qazanır, birlikdə məğlub oluruq"

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, belçikalı mütəxəssis həm Elçin Məsiyevin FIFA-da I kateqoriyaya yüksəlməsinə münasibət bildirib, həm də Misli Premyer Liqasının geridə qalan ilk yarısında hakimlərin performansını dəyərləndirib:

- Elçin Məsiyevin FIFA-da I kateqoriyaya yüksəlməsinə münasibətiniz necədir?

- Bu, təkcə Elçin üçün deyil, həm də AFFA Hakimlər Komitəsi üçün çox sevindirici xəbərdir. FIFA-nın birinci qrupunda artıq iki hakimimiz var (digəri Əliyar Ağayevdir - red.) və bu, əla nəticədir. Bunu ağır əmək və davamlı performansların nəticəsi, eyni zamanda UEFA-nın hakimlərimizi yaxından izlədiyinin göstəricisi kimi dəyərləndirmək olar. Həmçinin, Azərbaycandakı bütün hakimlərə müsbət təkan verəcək.

- Elçin Məsiyevin bu kateqoriyaya yüksəlməsində əsas rolu nələr oynadı?

- FIFA hakimi olaraq ardıcıl hərəkət etməli, hər oyunda komandanla birlikdə zirvədə olmalısan. Hakim kimi mümkün qədər “görünməz” qalmalısan. “Görünməz” hakim yaxşı hakimdir, o, oyunda nə baş verdiyini yaxşı bilir. Bu, fiziki hazırlıq, oyunçularla münasibət, epizodu öncədən hiss etmə, aydın qərar qəbul etmə və dil bilikləri kimi müxtəlif bacarıqların birləşməsidir. İngilis dili Avropa futbolunda ünsiyyət üçün çox vacibdir. Baş hakim həm meydanda, həm də ondan kənarda komandanın lideridir. Avropada öz ölkəni təmsil etmək böyük şərəfdir.

- Azərbaycan tarixində ilk dəfə iki hakimimiz I kateqoriyada olacaq. Belə qənaətə gəlmək olarmı ki, hakimliyimizin səviyyəsi getdikcə artır?

- Mən 6 aydır ki, AFFA-nın Hakimlər Komitəsinin rəhbəriyəm və hakimlərimizin irəliləyişə nail olduqlarını görürəm. Onlar inkişafdadırlar. Çünki birlikdə əsl komanda kimi çalışırıq. Bir-birimizi dəstəkləyirik, birlikdə qazanır, birlikdə məğlub oluruq. Bu, yeni mentalitetdir! Açıq və şəffaf ünsiyyətlə yaxından çalışırıq. Komandamızda hər kəs önəmlidir. Oyunlar zamanı meydanda liderləri, qərar verənləri görürəm və UEFA-nın təlimatlarını, VAR-la bağlı müdaxilə standartlarını izləyirik. Yüngül cərimə zərbələri və ya əsassız qırmızı vərəqələr vermək istəmirik. Əlbəttə, hakimlərimiz kompüter deyil, onlar da səhv edə bilərlər. Amma böyük səhvlərdən qaçmalıyıq. Hər gün bunun üçün çalışırıq.

- İki hakimimizin I kateqoriyada olması Azərbaycan futbolunun hakimliyinin gələcəyinə kimi fayda verə bilər?

- Ümid edirəm ki, gənc oğlan və qızları hakim olmaq üçün motivasiya edə bilərik. Onlara ehtiyacımız var, çünki hakimsiz futbol yoxdur. Bu səbəbdən hakimlərimizi hörmətlə dəstəkləmək və qorumaq lazımdır. Hakimlik liderlik, məsuliyyəti öz üzərinə götürmə, oyunçularla ünsiyyət qurma kimi bacarıqları gətirir. Bunlar gündəlik həyatımızda istifadə etdiyimiz və ehtiyac duyduğumuz bacarıqlardır. Bunu hər kəsə tövsiyə edirəm. Çünki hakimlik həyatınızı müsbət yöndə dəyişir.

- Son olaraq Misli Premyer Liqasında ilk yarı artıq başa çatıb. Hakimlərin qış fasiləsinə qədərki performanslarını necə qiymətləndirirsiniz?

- Mövsümün ilk hissəsində çox çalışan bir qrup gördüm. Başlanğıcda hakimlərin və VAR-ın qərarları arasında balans tapmaq vacib idi. UEFA-nın müdaxilə xəttini izlədik. Yəni hakim meydanda öz qərarlarını verməli, VAR-ı gözləməməlidir. VAR yalnız hakimin aşkar səhv etdiyi hallarda kömək edir. Hakimlər oyunlar zamanı məsuliyyəti öz üzərlərinə götürürlər, VAR isə yalnız lazım olduqda kömək edir. Referilərimiz daha çox özünəinam və oyuna nəzarət nümayiş etdirdilər. Meydanda qərar verən hakimdir, VAR deyil. Bu, mövsümün başlanğıc nöqtəsi idi. Həmçinin, irəliləyiş edən bir qrup da gördüm. Əlbəttə ki, mükəmməl olmaq mümkün deyil. Amma birlikdə məntiqli və anlaşılan qərarlar vermək üçün əlimizdən gələni edirik. Hər gün departament, fiziki hazırlıq üzrə məşqçilər və hakim-inspektorlarla birgə eyni fəlsəfə ilə işləyirik. Hakimlərin meydanda ən yaxşı performansı göstərmələri üçün çalışırıq. İndi isə mövsümün vacib ikinci hissəsinə hazırlaşmaq vaxtıdır. Biz hazır olacağıq. Hakimlər komandamıza güvənin.

Digər Xəbərlər
Xəbər Lenti