COP29

AFFA rəhbərliyi bu boyda biabırçılığı ört-basdır etmək istəmirsə… VİDEO

1 Noyabr 09:40 Problem 2 540
AFFA rəhbərliyi bu boyda biabırçılığı ört-basdır etmək istəmirsə… VİDEO

Premyer Liqada mübarizə tədricən qızışır, gərgnlik sürətlə artır.

Turnir cədvəlində nisbətən qütbləşmə yaranıb - iddialılar və autsayderlər.

Hələlik proqnozları alt-üst edən iki komanda varsa, biri «Turan Tovuz», digəri «Araz-Naxçıvan»dır. Onların ön plana çıxması bir tərəfdən gözləniləndən qat-qat artıq büdcəylə yola çıxmasıdırsa, digər yandan hakimlərdən dəstək almasıdır.

«Fit sahibləri» bu iki komanda üçün əlindən gələni beş qaba çəkir, rəqiblərə «divan» tutur.

Dildə «ədalət təmsilçisi» adlandıranların əməldə hansı işlər görməsi o qədər açıq xarakter hal alıb ki, daha heç kim buna dözə bilmir. Ayrı-ayrılıqda bütün məşqçilər hakimlərin tərəfkeşliyindən şikayətlənir.

Həmişə səbrli davranışları və hadisələrə sakit reaksiyası ilə həmkarlarına örnək olan Qruban Qurbanov belə, artıq susa bilmir. «Qarabağ»ın çalışdırıcısı media vasitəsilə hakimlərə «böyüyün» mesajı verib.

«Zirə», «Şamaxı» və «Kəpəz» kimi klublar əl-ayaq altında qalıb. Sonuncuların işi indi yalnız Allaha qalıb. Azər Bağırov nümayişkaranə surətdə bildirib ki, o, daha hakimlərin ədalətinə inanmır.

Təqdim etdiyimiz görüntüləri diqqətlə izləyin, əmin olacaqsız ki, «Kəpəz»in baş məşqçisi havadan şikayətlənmir.

Premyer Liqanın 11-ci turuna təsadüf edən derbidə qeydə alınan 1:2 hesablı məğlubiyyətə görə onun Rauf Allahverdiyevi hədəfə gətirməsi tam təbiidir.

Düzdür, AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker yenə «ənənə»sinə sadiq qalaraq, hakimlər briqadasının yol verdiyi çoxsaylı səhvlərə «don geyindirib», ancaq onu dinləməyə və inanmağa dəyməz.

Kor kor, gör gör! Bu kadrlar hamının iç-üzünü açır - federasiyanın belçikalı funksionerinin tərəfkeş mövqeyini də, Allahverdiyev və köməkçilərinin «Kəpəz»ə antipatiyasını da.

Heç kimə qulaq asmayın və fikir verməyin: əyləşin, bu görüntələrə baxın. Onda sizdə də bu suala cavab tapmaq istəyi yaranacaq - görəsən, hakimlərin son həftələrdə «Turan»a münasibətinin 180 dərəcə dəyişməsinin kökündə nə dayanır?

İlk ehtimal budur ki, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev AFFA ilə problemini həll edib. Onları inandırıb ki, daha federasiyanın rəhbərliyinə gəlməkdə gözü yoxdur, şəxsi iddiaları elə «Turan»la məhdudlaşacaq.

AFFA 2 ilə yaxındır bu məsələdən həmişə narahatlıq keçirib. Şəxslərdə hardansa belə fikir formalaşıb ki, iş adamı «Turan»ı himayəsinə götürməklə, uzaqmənzilli planın icrasına başlayıb: bu gün klub, sabah AFFA.

Bu qəbildən olan informasiyalar ötən müddətdə kifayət qədər geniş yayılıb və Quliyevin özü tərəfindən heç vaxt təkzib edilməyib. Odur ki, «Turan»ın geridə qalan geniş zaman kəsiyində daim hakimlərin əliylə «vurulması» təsadüfi qarşılanmayıb.

İkinci bir ehtimal da var. Bu, klubun özünün «fit sahibləri»nə hansısa vasitəylə «çıxış» tapmasıdır. Əvvələr də «Turan»da işləmiş və

Ehtiram Quliyevin də vəzifə verdiyi şəxslər içində elələri var ki, vaxtilə hakimlərlə «işbirliyi» üzrə «ixtisaslaşıb». Hər halda bütün futbol ictimaiyyəti bilir ki, söhbət kim(lər)dən gedir.

Sədr həmin şəxs(ləri) görvədən uzaqlaşdırmayacağı müddətdə, yəqin ki, bu söz-söhbətlər də kəsilməyəcək.

Biz bunun həqiqət olmasını iddia etmirik və inanmaq da istəmirik. Sadəcə, futbol kluarlarında dolaşan rəyləri burada qeyd edirik. İstənilən halda bunlar ürək bulandıran məqamlardır və «Turan»ın imicini korlayır.

Burada AFFA-nın da üzərinə böyük iş düşür. Gərək federasiya başbilənləri təcili surətdə araşdırmaya başlasın.

Əgər təbii ki, hakimlərin klublar arasında ayrı-seçkilik etməsinə dair tapşırığı özləri verməyiblərsə, gecikmədən ictimaiyyətdəki mövcud narahatlığı ortadan qaldırmalıdırlar.

Bu işdə hüquq-mühafizə orqanları AFFA-nın ən böyük dostu ola bilər. Əminik ki, federasiya hakimlərin pərdəarxası fəaliyyətinin üzə çıxarılmasında maraqlı olsa, müvafiq qurumlar onlara köməklik göstərəcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu