Rüfət Quliyev müqavilə şərtlərini yerinə yetirməyən Albaniyanın "Bilis" klubundan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a məşqçi özü məlumat verib.
O, çalışdığı komandada işlərin yolunda getmədiyini və düşərgəyə qayıtmaq istəmədiyini bildirib:
"Albaniya klubunda işlərim o qədər də yolunda getmədi. Əslində yaxşı başlamışdıq.
İki aya yaxın "Bilis"də çalışdım. Daha sonra anamın səhətinə görə Bakıya qayıtmalı oldum.
Əsas komandaları Albaniya çempionatında sonuncu sırada qərarlaşıb. Paralel olaraq çalışdığım U-21 kollektivi isə mənim rəhbərliyim altında 4 oyunda maksimum nəticə göstərib.
İşlərim tək bununla bitmirdi. Eyni zamanda "Bilis"in 19 yaşadək futbolçulardan ibarət komandasına da nəzarət edirdim.
Klubla danışıqlara başlayanda rəhbərlik bildirdi ki, məvacibim kifayət qədər yüksək olacaq. Lakin bu, müqavilə şərtlərində əksini tapmadı.
Onlara inanmışdım. Daha sonra başqa bir məbləğ təklif etdilər, ona da mən razı olmadım.
Hazırda Bakıdayam, onlar məni geri çağırırlar. Lakin bu şərtlər altında Albaniyaya dönməyəcəm.
Ortada gülünc vəziyyət var. Komandanın bir neçə işini görməyimə baxmayaraq, normal məvacib ödənilmir.
Müqaviləmə qarşılıqlı şəkildə xitam veriləcək və ayrılacağam. Yeri gəlsə, onların mənə borcu var, mənim onlara deyil".
Mütəxəssis Azərbaycanda qalıb, işləmək istədiyini söyləyib:
"Düzdür, ölkədən kənarda işləmək təcrübədir. Lakin işimizə qiymət verilmirsə, orada qalmaq doğru çıxmaz. Təəssüf ki, Azərbaycanda bizim kimi məşqçilərə iş tapmaq müəyyən qədər çətin olur. İnanıram ki, öz Vətənimdə işləyəcəyəm",
Mütəxəssis klubda çıxış edən Azərbaycan millisinin sabiq hücumçusu Amil Yunanovun da durumunun ürəkaçan olmadığını deyib:
"Amil barədə çox danışmağım düzgün olmaz. Özü açıqlasa, daha yaxşı olar. Amma o da mövcud vəziyyətdən razı deyil. Çünki qeyri-peşəkarlığı görür və narazıdır".
"Bilis" Albaniya çempionatında 9 turdan sonra 5 xalla sonuncu sırada yer alıb.