COP29

ŞOK İTTİHANLAR! "Bunların da məqsədi Azərbaycan futbolunda "pul yumaqdır"

14 Oktyabr 09:40 Problem 2 368
ŞOK İTTİHANLAR! "Bunların da məqsədi Azərbaycan futbolunda "pul yumaqdır"

Oktyabrın 11-də Azərbaycan yığmasının UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olması azarkeşləri məyus edib və müzakirələrə səbəb olub.

Belə ki, yığmamız C Liqasının I qrupundakı qarşılaşmada 1:3 hesabı ilə rəqibə uduzub.

İdmansevərləri bir sual düşündürür: Azərbaycan futbolu niyə inkişaf etmir?

Sportinfo.az xəbər verir ki, globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlının sözlərinə görə, Azərbaycan futbolunun problemi 2008-ci ildən mövcuddur.

O, bu məsələdə AFFA-nın keçmiş prezidenti Rövnəq Abdullayevi günahlandırıb:

“Rövnəq Abdullayev 2008-ci ildə AFFA prezidenti seçiləndə Azərbaycan futboluna külli miqdarda pul axmağa başladı. Elə bundan sonra da ölkə futbolunun əsas problemi yarandı. Belə ki, uşaq futbolu yaddan çıxarıldı, uşaq futbol məktəbləri tamamilə dağıdıldı. Böyük miqdarda pul gəldiyi üçün Azərbaycan futboluna xeyli dələduz axışdı. Çünki ölkədə harada pul varsa, orada dələduzlar var. Azərbaycanda pulu dələduzlara verirlər, peşəkarlara deyil. Onlar da çirkli pulları yumağın ustası olduğu üçün pul yuyurlar. Beləliklə, 2008-ci ildən Azərbaycanda dələduzların hökmranlığı başladı. Ona görə də ölkə futbolu gəlib, bu günə düşdü. Biz Rövnəq Abdullayevin vaxtında dəfələrlə dedik ki, əcnəbi məşqçilərin Azərbaycana gətirilməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki məşqçilərin əlinin altında məhsul mövcud deyil, uşaq futbolunu yetişdirmirik, Azərbaycan futbolçularının potensialı böyük turnirlərdə çıxış etməyə imkan vermir. Biz əvvəl futbolçu yetişdirməliyik, əlimizdə məhsul olmalıdır. Ondan sonra o məhsuldan yararlanmaq üçün öz yerli məşqçilərimiz gəlməlidir. Bəli, məşqçilərimiz bacarmasa, əcnəbi məşqçi gətirib, onlarla uğur qazanmaq olar. Necə ki, bunu Gürcüstan edib”.

N.Muxtarlının dediklərinə görə, zamanında heç kim peşəkar yanaşmaya qulaq asmayıb:

“Çünki ortada pul var idi və o pulların üstündə böyük oyunlar gedirdi. Azərbaycan futbol təsərrüfatı potensial xal mənbəyinə çevirildi. Yığmamız nəticə qazanmırdı, amma biz əcnəbi məşqçiyə ildə 2-3 milyon pul verirdik. Berti Voqts 7 il Azərbaycanda işlədi, özündən başqa da 5 məşqçi gətirdi. Hər il Azərbaycandan ildə 10 milyon, 7 ilə isə 70 milyon pul çıxardılar. O pula Azərbaycanın 15 rayonunda sanballı futbol akademiyaları qurmaq olardı. Onu göndərib, Robert Prosineçkini götürdülər, ondan sonra Monteneqrodan birini gətirdilər, ondan sonra yenə biri gəldi. Artıq ictimaiyyətin təzyiqi nəticəsində Qurban Qurbanovu gətirdilər. Lakin bir ildən sonra onu urvatsız şəkildə yola saldılar. Yenə də tendensiyanı davam etdirməyə başladılar”.

Jurnalistin sözlərinə görə, hər kəs düşünürdü ki, Rövnəq Abdullayev getdikdən sonra yerinə gələn AFFA rəhbərliyi mövcud problemləri görəcək, ictimaiyyətin haqlı qınağını eşidəcək və real addımlar atmağa başlayacaq:

“Təəssüf ki, bir dəstə dələduz gedir, yerinə başqa dələduzlar gəlir. Bunların da məqsədi Azərbaycan futbolunda pul yumaqdır. İsrarla dedik ki, Azərbaycanda əcnəbi məşqçiyə ehtiyac yoxdur. Siz 70 yaşlı Fernandu Santuşu gətirib, Azərbaycan yığmasından uğur tələb edə bilməzsiniz. Portuqaliyada Santuşun əlinin altında Ronalda kimi futbolçu var idi deyə komanda Avropa çempionu oldu. Amma onun əlinin altında hazırda heç bir futbolçu yoxdur və heç nə edə bilməyəcək. Kim idi bu sözlərə baxan?! Heç kim! Bu da nəticə”.

Natiq Muxtarlı Azərbaycan yığmasının belə nəticə əldə etməsinin təəccüblü olmadığını bildirib:

“70 yaşlı ixtiyara hansı ölkədən belə sərfəli təklif gəlsə, pul qazanmaq üçün gedər. Heç futbolçuların da günahı yoxdur. Ona görə ki, onlara futbol oynamağı necə öyrədiblərsə, elə də oynayırlar. Onların bacardıqları budur. Mahir Mədətov (Əmrəli) Polşaya getdikdən sonra acı bir etiraf etmişdi ki, mən uşaq futbolunda öyrənməli olduğumu, indi 24 yaşımda Polşada öyrənirəm. Digər oyunçulara da futbol oynamağı necə öyrədiblərsə, onlar da elə oynayırlar. Azərbaycanda istedadlı futbolçular yoxdurmu? Var! Amma onların futbolçu kimi yetişməsi üçün heç bir şərait mövcud deyil. Çünki ölkədə uşaq futbolu korrupsiya bataqlığında boğulur. Uşaqlar artıq futbolla məşğul olmaq istəmir. Niyə? Ona görə ki, təsadüfi adamların hamısı uşaq futbol məktəbində məşqçiliklə məşğuldular və valideynlərdən rüşvət alırlar. Bu yaxınlarda Azərbaycanın U-16 komandası Türkmənistana 0:3, Türkiyəyə 0:6 hesabı ilə məğlub olub. Bunlar sabah Azərbaycan futbolunun gələcəyidir. Təsəvvür edin, U-16 Türkmənistana məğlub olubsa, sabah milli komandada başqasına necə qalib gələ biləcəklər? Qalib gələ bilməz və mümkün deyil!

Jurnalistin fikrincə, Azərbaycan futbolunda köklü islahatlar aparılmalıdır:

“Azərbaycan futbolu dələduzlardan təmizlənməlidir. Ölkə futbolunun bir günahkarı varsa, o da AFFA və klublarda oturmuş dələduz rəhbərlərdir. Klublarımıza baxaq… 50 milyonluq büdcəsi olan “Neftçi” hər 6 aydan bir 10 legioneri gətirir, 10 legioneri isə göndərir. Bir xarici məşqçini gətirir, birini göndərir. Amma ortada heç bir nəticə yoxdur. Komanda hələ Azərbaycan çempionatında qələbə qazanmayıb. Bu, hər kəsin gözü önündə baş verən bir cinayətdir! Cinayətkarlar da bəllidir! Lakin onlara “gözün üstündə qaşın var” deyən yoxdur”.

N.Muxtarlının sözlərinə görə, Azərbaycan futbolunun bəlası “iki eşşəyin arpasını bölə bilməyənləri” gətirib, pulun, vəzifənin üstündə oturdanlardır:

“Nə qədər ki, belə idarəetmə sistemi olacaq, belə tendensiya davam edəcək, biz özümüz deyib, özümüz də eşidəcəyik. Azərbaycanda isə futbol olmayacaq!”

Digər Xəbərlər
Xəbər Lenti