COP29

Oyunu saxlayın, stadionu xarab eləməyin...

27 Sentyabr 00:50 Problem 500
Oyunu saxlayın, stadionu xarab eləməyin...

Laçında iki dəfə olmuşam və bu səfərlərim haqqında deyəsən, on silsilə məqalə yazmışam.

Laçında 80-ci illərdə də olmuşam və camaatı yaxşı tanıyıram, dostlarım da var, bir cənnət yerdir.

Adamları da zəhmətkeş, qeyrətli və qonaqpərvərdirlər.

Son günlər Laçın yenə gündəmə gəlib. Bu dəfə əsas məsələ laçınlıların öz evlərini gələn turistlərə kirayə verməsidir.

Bu adi və normal bir hadisədir. Mən Bakını, Sumqayıtı qoyuram qırağa, Quba, Qusar, Şamaxı… rayonların sayını artıra bilərəm, bu regionda da yay aylarında adamlar öz evlərini gələn turistlərə kirayə verirlər.

Laçını və kəndlərini o qədər gözəl zövqlə tikiblər ki, heç də İsveçrənin qəsəbə və kəndlərindən geri qalmır. Mən başqa bir məsələyə toxunmaq istəyirəm. İsveçrəni başdan-ayağa gəzmişəm, təkcə şəhərlərini yox, kəndlərini də. Həmin kəndlərdə yaşayan adamlar heyvandarlıqla məşğul olur, yəni hamı Saat zavodunda işləmir, «Rolex» düzəltmir. Özü də çox qəribədir ki, kəndlilər istehsal elədikləri heyvandarlıq məhsullarını yolun kənarında düzəltdikləri piştaxtaya qoyur, qiymətləri də yazır qoyur üstünə, satıcı da yoxdur. Yoldan ötənlər istədiklərini alıb pulunu da kasaya qoyurlar. Kəndli də axşamüstü gəlib pulunu götürür, yenə piştaxtanı doldurur.

Və İsveçrədə kənd turizmi çox inkişaf edib. Kənd turizmi nədir? Şəhərli gəlir, bir ev tutur və ev sahibi ilə birlikdə, belə demək mümkündürsə, əkinə gedir, biçinə gedir, heyvanlara qulluq edir, ev sahibi ilə birlikdə yeyib-içir və təxminən bir ay kəndli həyatı sürür, bundan zövq alır.

Bir zamanlar Naxçıvan Ali Məclisinin sabiq sədri Naxçıvanda da kənd turizmi yaratmaq istədi, amma nədənsə alınmadı.
İsveçrədən çox danışmaq istəmirəm, qayıdaq Laçına. Dağ camaatı, yəni Laçın, Kəlbəcər, Qubadlı camaatı əsasən heyvandarlıqla məşğul olublar. Təbii ki, bu adlarını çəkdiyim rayonlarda saat zavodları yoxdur və bununla da həyatlarını qurublar, ev-eşiklərini tikiblər, balalarını ali məktəblərə düzəldiblər, toy-düyününü ediblər və həmin balalar da ata-babalarının ənənələrini davam etdiriblər. Laçında camaatın onlarla mal-qarası, yüzlərlə qoyun-quzusu olub. İndi oliqarxların belə fermaları var.

Məsələn, 200-dən əskik qoyunu olanı və yaxud 50-dən əskik arı pətəyi olanı Kəlbəcər dağlarına buraxmırlar. Qaçqınçılıqda hansı kəlbəcərlinin 200 qoyunu ola bilər? Bəlkə olsa-olsa Ağcabədidə Taxta körpüdə yaşayan laçınlıların ola bilər.

İndi Laçın camaatı nəylə dolansın? Hamı müəllim, həkim deyil ki və ya məmur işləmir ki. Ona görə də məcburdur yay aylarında evlərini kirayə versinlər ki, qış aylarında dolana bilsinlər.

Qarabağlılar çox gözəl bilir ki, şuşalıların əsas gəlir mənbəyi yay aylarında evlərini ağdamlılara, bərdəlilərə, ağcabədililərə və sair kirayə versinlər ki, qışda ehtiyaclarını ödəyə bilsinlər.

Laçınlıların 200 illik, 300 illik ənənələrini yenidən bərpa etmək lazımdır. Hər bir laçınlı ailəsinə Əmək Məşğulluğu İdarəsi ikicə inək və yaxud on baş qoyun versə bu üç-dörd ildən sonra on-on beş mal-qara, yüzə qədər qoyun edir. Laçın başdan-başa örüş yerləridir. Kəndlərdə hər ailəyə tövlə tikmək də olar, mal-qarasını orda saxlasın və qayıdıb Bakıya qaçmasın. Belə olarsa hər bir laçınlı sevinə-sevinə qayıdacaq öz doğma yurd-yuvasına.

Amma indi hökumət deyir ki, hələ beş il Laçında heyvan saxlamaq olmaz. Bu qanunu kim çıxarıb, niyə çıxarıb və nədən ötəri çıxarıb? Beləliklə, hələ beş il Laçın camaatını öz doğma yurd-yuvasına qaytarmaq çətin olacaq.
Hökumət bu barədə fikirləşməlidir. Camaatı incik salmaq olmaz.

Yazını məşhur bir anekdotla bitirmək istəyirəm. Bir rayonda yeni stadion tikilir. Açılışı olur, birinci katib də açılışda iştirak edir. Rayonun futbolçuları qonşu rayonun futbolçuları ilə yoldaşlıq görüşü keçirir. Birinci hissə qurtarandan sonra katib qalxır ayağa, deyir:

- Day bəsdir, oyunu saxlayın, stadionu xarab eləməyin.

Bəlkə hökumət fikirləşir ki, camaat rayon və kəndləri xarab eləyər? İsmayıllının İvanovka kəndində hamı heyvan saxlayır, amma kənd tər-təmizdi, xarab olmayıb. Aran rayonlarımızın kəndlərində də hamı mal-qara, qoyun-quzu saxlayır, amma kəndlər xarab olmayıb.

İndi söz Nazirlər Kabinetinindir.

Digər Xəbərlər
Xəbər Lenti