“Bu gedişlə yaxın 10 ildə Azərbaycanda futbol olmayacaq“.
“Neftçi“nin sabiq idman direktoru Ceyhun Sultanov Sportinfo.az-a açıqlamasında belə deyib.
O, Azərbaycanın əsas və aşağı yaş qrupları üzrə yığma komandalarının uçurumun dibinə yuvarlanmaq üzrə olduğunu bildirib:
“Millilərin son aylardakı nəticələrinə baxsaq, vəziyyətin nə qədər acınacaqlı hala gəldiyini görərik.
Hansı biri oynayır, uduzur. U-15-dən tutmuş əsas komandaya kimi.
AFFV Fernandu Santuşla 4 illik müqavilə imzalayıb. Açığı, inanmıram ki, o, bu müddətdə Azərbaycanda qalsın.
Yəqin ki, bir az sonra çıxıb gedəcək. Santuşun burada heç bir perspektivi yoxdur. Biz yenə vaxt itiririk.
Millətlər Liqasının ilk iki turunda İsveç və Slovakiyaya uduzmuşuq. Bu məğlubiyyətlərin ardı gələcək, çünki yeni nəsil yetişmir.
Santuş yaxşı məşqçi ola bilər, amma əlində “material“ yoxdursa, heç nə edə bilməzsən. Millidə yaşı 30-un üstündə olan futbolçular çoxdur.
Onlar bu gün-sabah karyeralarını başa vuracaqlar. Santuş görür ki, yaşlıların əksəriyyəti karyerasının eniş dövrünü yaşayır, yenə də çağırır.
Gənclər arxadan gəlmir. U-21, U-19 kimə gəldi, uduzur. Bu cavanlar yaxın gələcəkdə əsas milliyə çağırılacaq, onda təsəvvür edin ki, nəticələr necə olacaq.
Həmişə uduzmağa öyrəşmiş gənclərlə biz daha pis nəticələr alacağıq. Mən yalan proqnoz verib, ictimaiyyəti sakitləşdirə bilmərəm.
Gərək düz danışasan və xəbərdarlıq edəsən ki, yaxın illərdə futbolumuzu nə gözləyir. Uşaq futbolu yoxdursa, deməli, sabah yoxdur.
Əksər klublar akademiyanı məcburiyyətdən saxlayır. Dövlət pul ayırmasa, AFFA tələb etməsə, bu sahə tamamilə batacaq.
Ancaq yenə də görülən işlərin səviyyəsi çox aşağıdır“.