COP29

Tovuz stadionunda yiyəsizlik – Bəsdir daha, bu özbaşınalığa son qoyulmalıdır!

23 Sentyabr 16:40 Problem 1 903
Tovuz stadionunda yiyəsizlik – Bəsdir daha, bu özbaşınalığa son qoyulmalıdır!

Bir neçə il əvvəl Premyer Liqada bölgəni yalnız bir komanda – “Qəbələ” təmsil edirdi.

O vaxt istər daha öncə çalışdığım “Futbol+” qəzetində, istərsə də hazırda “şinelini geyindiyim” “Sportinfo”dakı yazılarımla üsyan edirdim ki, futbol coğrafiyası genişlənməlidir, çempionat Bakıdan kənara çıxmalıdır, bölgə azarkeşləri futbolu televiozordan yox, stadiondan izləməlidir.

“Kəpəz”lə “Turan Tovuz”un elitaya qayıtmasından, “Keşlə”nin adını dəyişib “Şamaxı” olmasından sonra demək olar hər tur bölgələrə səfər edirəm. Stadionlardakı ab-hava, Tovuzla Gəncə azarkeşlərinin öz şirin ləhcələrində verdikləri dəstək, etdikləri etiraz şən gəlir adama.

Və bunu ən yaxşı formada işıqlandırmağa çalışıram ki, bəlkə yazını oxuyan hansısa iş adamı həvəslənər, bəlkə dövlət səviyyəsində bölgə klublarına əlavə güzəşt və kömək olar, paytaxtdan kənardakı klublar işıqlı günlərə çıxar.

Sözsüz, xoş yazılarla yanaşı bəzən tənqid də (edirəm) edirik, azarkeşlərin (oxucuların) xoşuna gəlməyən hansısa informasiyanı tirajlayırıq. Normal qaydada, təhqirə yol vermədən işimizi görürəm (görürük).

Ötən il Gəncədən başlayan “ənənə” bu il Tovuzda davam etdirilir. Bir qrup “Kəpəz” azarkeşi (artıq onlara “Turan Tovuz” aşiqləri də qoşulub) az qala hər oyunda “Sportinfo”nin əməkdaşı qismində bəndənizi hədəf alaraq bütün etiket qaydalarını pozurlar.

Ki, niyə İlqar Nadirini “Kəpəz”dən qovmuruq, ki, niyə Kurban Berdıyevin tətbiq etdiyi qaydalar barədə yazırıq, ki, niyə 2 il əvvəl Tərlan Əhmədovu tənqid edirdik və s. və i.

16-17 illik jurnalistika təcrübəm, bir az da yaşdan doğan səbr olmasaydı, “Kəpəz”in “Şamaxı”ya uduzduğu gün Tovuzda jurnalistlərlə azarkeşlər arasında çox ciddi iğtişaş yaşanacaqdı. 6-7 qəzəbli “Kəpəz” azarkeşi ilə yüksək səs tonunda başlayan mübahisəni normal dialoq halına salıb aradan qaldırmışdım ki...

Əyləşdiyim sıranın o biri başında həmkarım Rəşad Qasımovun başqa bir azarkeşlə söz davası etdiyini eşitdim. Səbəb nəymiş? Azarkeş gözü tabloda qalan Qasımovun ona tərs-tərs baxdığını düşünərək özündən çıxıb və ayağa qalxaraq ona sərt formada etirazını bildirib. Rəşad da mənim kimi səbrin əyləcinə basıb “lənət şeytana” deməklə hadisələrin cızığından çıxmasına imkan vermədi.

Deməyim odur ki, jurnalistlər bölgələrdə klub rəsmilərinin gözləri önündə bu cür münasibətlə üzləşir. Və heç bir halda bunun qarşısı alınmır. Əksinə, pisə doğru gedir. Bu, birinci, yaxud ikinci belə hal deyil.

Tovuz şəhər stadionunda media sektoru azarkeşlərin yer aldığı tribunanın içindədir və bizi onlardan, onları bizdən demək olar heç nə və heç kim ayırmır. Yarım metrlik balaca məhəccərdir, bir də masa. Odur ki, azarkeş rahat şəkildə yanımıza qalxıb irad bildirir, tənqid edir, hansısa mənada təxribata çəkir.

Jurnalistlər göydən zənbillər düşməyib ki, bizə yaxınlaşmaq mümkün olmasın. Əlbəttə, saytdakı hansısa yazıyla razılaşmayan, yaxud öz mövqeyini bildirmək istəyən oxucu-azarkeşin öz fikrini çatdırmaq imkanı var. Ancaq bunu da öz yolunda, çərçivəsində etmək lazımdır. Yaxınlaşıb norrmal qaydada mövqeyini ortaya qoymaqla xoş dialoq yaratmaq olar.

Yoxsa tribunanın bir tərəfində dayanaıb, 5-10 nəfərlik dəstə ilə hər kəsin eşidəcəyi şəkildə irad bildirmək, media sektora yaxınlaşıb şəkil-video göstərmək, sərt formada tənqid etməklə təxribata çəkmək...

Çempionatı təşkil edən və keçirən Peşəkar Futbol Liqası ölkə futbolunda səliqə-səhmanın olmas üçün əlindən gələni edir. “Turan Tovuz”da çalışan bəzi şəxslərin də jurnalistlərin rahatlığı üçün gərəkən şəraiti yaratdığına və yaratmağı özünə borc bildiyinə qətiyyən şübhə etmirəm.

“Kəpəz” rəhbərliyi heç. Onların gününə ağlayan lazımdır. Klubun rəhbəri İlqar Nadiri VİP-lojadakı otaqdan bayıra çıxa bilmirsə, jurnalistlərin rahat iş fəaliyyətini təmin etməyi kimə tapşıracaq?

PFL və meydan sahibi klublar, bölgə səfərlərində qonaq komandaların, eləcə də hakimlərin təhlükəsizliyini necə təmin edirsinizsə, bir zəhmət, eyni münasibətin biz qonaqlara da göstərilməsinə şərait yaradın, göstəriş verin.

Bakıdan 450 kilometr yol qət edib oyunu işıqlandırmağa, bölgə futbolunda yaşananları təqdim etməyə gedirik. Onu da öz kefimiz üçün etmirik, yaxşı bilirsiniz.

“Sportinfo” ən çox oxunan 3-5 saytdan biridir, başa düşürəm. Buradakı hər xəbərin geniş rezonans doğurduğuna da anlayışla yanaşıram. Lakin bu, o demək deyil ki, “Kəpəz”, yaxud “Turan Tovuz” azarkeşi media sektorunun qarşısına gəlib istədiyi formada danışmalı, ağzına və ağlına gələni deməlidir. Həbib Aslanov, yaxud Rəşad Qasımov olmasa, sabah başqa jurnalistə o münasibəti göstərəcəklər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti