COP29

Komandaları incidən məkanla bağlı MÜHÜM AÇIQLAMA

19 Sentyabr 20:40 Problem 302
Komandaları incidən məkanla bağlı MÜHÜM AÇIQLAMA

Ölkədaxili və beynəlxalq oyunları qəbul edən “Liv Bona Dea Arena” biabırçı vəziyyətdədir.

2011-ci ildə istifadəyə verilən stadion AFFA kimi maliyyəsi güclü olan qurumun balansındadır.

Lakin arenanın ot örtüyü futbolçular üçün təhlükə mənbəyidir.

Otlaq sahəsini xatırladan qazonda “Zirə” avrokubok matçlarını keçirib, “Araz-Naxçıvan” rəqiblərini orada qəbul edir, qadın və kişilərin milli komandaları da həmçinin.

Dərd təkcə qazonla bağlı olsa dərd yarı. İş burasındadır ki, “Liv Bona Dea Arena”nın tablosu da işləmir. Beynəlxalq oyunlar zamanı meydan sahibi klub başqa yerdən elektron lövhə kirayələyir. Azarkeşlər üçün nəzərdə tutulmuş sanitar qovşaqlar da “göz oxşayır”.

Bir sözlə, 13 il əvvəl istifadəyə verilmiş stadion göz görə-görə məhv olur.

Vəziyyətin faciəvi olmasının məsuliyyəti isə təbii olaraq AFFA-da bu sahəyə cavabdehlik daşıyan şəxslərin çiyinlərindədir. Çünki hər ilin yekununa dair hesabatda infrastrukturların saxlanılması üçün büdcədən müəyyən qədər vəsait silinir.

Elə bu məqsədlə sualı assosiasiyanın mətbuat xidmətinə ünvanladıq ki, görək problemlər içində “boğulan” arena ilə bağlı hansı açıqlamanı verəcəklər.

Aldığımız cavab belə oldu:

“Bildiyiniz kimi, “Liv Bona Dea Arena”da son vaxtlar çox oyun keçirilir. Müxtəlif yaş qrupları üzrə milli komndalarımız, qadınlardan ibarət yığmamız öz beynəlxalq oyunlarını bu stadionda keçirirlər.

Bundan başqa, “Zirə” klubu bu il avrokuboklarda rəqiblərini “Liv Bona Dea Arena”da qəbul etdi. “Araz Naxçıvan” isə Azərbaycan Premyer Liqasında rəqiblərini sözügedən stadionda qəbul edir.

Yəni bu səbəbdən stadionda həddən artıq yüklənmə yaranır. Stadionun ot örtüyünə nəzarət edən “Agrosport” şirkətinin verdiyi məlumata görə, qazonu normal səviyyəyə gətirmək üçün ən azı 3 həftə orada oyun keçirilməməlidir.

Ümumi olaraq, qazonun tam əla vəziyyətə gətirilməsi üçün isə əsaslı renovasiya lazımdır ki, bu da çox vaxt tələb edir.

Tabloya gəlincə, müəyyən nasazlıqlar yaranıb. Hazırda problemin aradan qaldırılması yönündə müəyyən işlər gedir. Tablonun təmir olunması təxminən 2 ay vaxt alacaq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"
19 Sentyabr 16:10 Bu Oyunda Favorit Sənsən!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 11:00 Gerisayım başladı, tələs!
19 Sentyabr 05:00 "Sumqayıt" 3 transfer etdi
19 Sentyabr 02:50 "Quba"ya yenə gələn var