COP29

Yararsız qazon, işləməyən tablo, üfunət qoxulu tualet – Pullar kimin cibinə axır?

14 Sentyabr 23:00 Problem 1 897
Yararsız qazon, işləməyən tablo, üfunət qoxulu tualet – Pullar kimin cibinə axır?

Mövsümün açılış oyununda “Qarabağ”a məğlub olan “Arar-Naxçıvan” son 4 oyunda aktivinə 3-cü qələbəni yazdırdı.

Muxtar Respublika təmsilçisi “Liv Bona Dea Arena”da autsayder “Kəpəz”i Benninin yeganə qolu sayəsində məğlub etdi.

“Liv Bona Dea Arena” demişkən, stadionun adı dəyişdiriləndən sonra (əvvəlki adı “Dalğa Arena” idi) bir vaxtlar başına and içdiyimiz məkan rəsmən “can verir”.

Ot örtüyünün hansı vəziyyətdə olduğunu bütün ölkə bilir. İyuldan bu yana müşahidə etdiyimiz biabırçı vəziyyət lap bərbadlaşıb.

Qazon futbol meydanından çox otlağı xatırladır. Azərbaycanda yox, normal futbol ölkələrində belə sahədə futbol oynamağa pis baxırlar.

Tablo da başını çoxdan qoyub. “Zirə”nin avrokubok matçlarında elektron lövhənin işlədiyini düşünüb problemin yoluna qoyulduğunu zənn etmişdik.

Sən demə, klub onu UEFA-nın tələblərinə cavab vermək üçün icarəyə götürübmüş. Əslində isə tablo işləmir.

Yaxşı ki, mobil telefonlarda saat funksiyası var. Yoxsa oyunun neçənci dəqiqəsi olduğunu səmanın rəngi ilə müəyyənləşdirməli olacaqdıq.

Stadion AFFA-nın balansındadır. Qurum rəsmiləri və xüsusi çəkili şəxslər zaman-zaman yolunu “Liv Bona Dea Arena”dan salır. Lakin onlar sıravi vətəndaşlar üçün ayrılmış sanitar qovşaqdan istifadə etmir.

Məsləhət görürəm ki, bircə dəfə azarkeş tualetinə daxil olsunlar. Mənzərəni sözlə ifadə etmirəm ki, əlinizdəki telefonun, qarşınızdakı bilgisayarın üzərinə “qaytarmayasız”.

2011-ci ildə FİFA-nın o vaxtkı prezidenti Zepp Blatterlə UEFA-nın sabiq başqanı Mişel Platinin açılışında iştirak etdiyi 6500 azarkeş tutumu olan stadionunun istifadəyə verilməsinin üstündən 13 il keçib.

Və həmin arena artıq yox dərəcəsindədir. Quru adı qalıb.

Maraqlıdır, AFFA-nın balansındakı idman qurğularının saxlanması üçün ayrılan vəsait kimin cibinə axır?

Mövzuya qayıdacağıq...

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?