COP29

Qurban Qurbanov önə çıxdı - O, hər şeyi "Sportinfo"ya danışdı

24 Avqust 19:40 Problem 1 999
Qurban Qurbanov önə çıxdı - O,  hər şeyi "Sportinfo"ya danışdı

Elbrus Abbasovun dünyasını dəyişməsindən 5 il ötür.

Söhbət "Qarabağ" və "Neftçi"nin formasını futbolçu kimi geyinmiş, "köhlən atlar"ın baş məşqçisi olmuş və Azərbaycan millisində məşqçi kimi çalışmış şəxsdən gedir.

Futbol ictimaiyyəti onu yaxşı tanıyır.

Çünki Elbrus müəllimin Azərbaycan futboluna xidməti az olmayıb.

Hətta həyatının son illərində uşaq futboluna da öz töhfəsini vermişdi.

Lakin AFFA, Azərbaycan Gənclər və İdman Nazirliyi onun xidmətlərini görməzdən gəlir.

Bu barədə Sportinfo.az-a üz tutan mərhumun yeganə oğlan övladı Vüqar Abbasov deyib.

O, atasına ola laqeyd münasibətdən şikayətçidir:

"Atam 5 ildi rəhmətə gedib. Futbolçu kimi "Neftçi"də parlaq karyera yaşayıb, "Qarabağ"da çıxış edib.

Məşqçi kimi Azərbaycan milli komandasında Kazbek Tuayevin köməkçisi olub. "Qarabağ" klubunun baş məşqçisi olub. 1997-ci ildə bu komandanı çempion edib. Sadəcə AFFA bunu qəbul etmədi. Klubun adı "Məhsul" idi. Rəhmətlik Adil Nadirovla bərabər böyük əziyyətlə "Qarabağ" adına dəyişdilər. "Qarabağ"la Azərbaycana Avropadan ilk xalı gətirən də o olub. Baş məşqçi olduğu zaman "Qarabağ" Finlandiyada "Müpa 47" ilə bərabərə qalıb. Evdə 0:1 uduzsa da səfərdə 1:0 qalib gəlib. Yalnız əlavə vaxtda hesab bərabərləşib. Yəni Azərbaycan futboluna əlindən gələn köməyi edib. Ömrünün son günlərinə qədər AFFA-da komissar kimi oyunlara təyinat alıb. AFFA-nın nəzdində uşaq məktəbi yaratdı. Qısası, futbolla yaşadı, futbolla da rəhmətə getdi.

Amma bu gün məni yada salan yoxdur. Maraqlanan yoxdur ki, o boyda kişinin oğlu indi nə iş görür? AFFA-nın rəhbəri Rövşən Nəcəfə şəxsən dəfələrlə məktub yazmışam. Əminəm ki, məktublarım ona çatdırılmayıb. Çünki Rövşən müəllimin xəbəri olsa əminəm ki, məni qəbul edəcəkdi. "Neftçi"nin sabiq prezidenti Fərrux Mahmudovla dəfələrlə əlaqə saxlamışam. O da mənə dedi ki, səni bura çağıracam. Sən Elburus Abbasovun oğlusan. Ortada qalmalı deyilsən. Sənə köməklik olunacaq. Heç bir şeydən narahat olma. Lakin sonra heç bir xəbər çıxmadı. Özü də klubdan ayrıldı. Gənclər və İdman naziri Fərid Qayıbova müraciət etmişəm. Ondan da səs çıxmadı. Peşəkar Futbol Liqasının rəhbəri Elxan Səmədov da müraciətim olub. Hər birinə bildirmişəm ki, sahəm futbol olsa da mən neçə ildi işsizəm. Valideynlərimin ikisini də itirmişəm. Daha müraciət etmədiyim yer qalmayıb. Ən azından cavan ailə olduğumu unutmasınlar. Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasını bitirmişəm. Ali təhsilim var. Yoldaşım həkimdir. Ziyalı ailəyik. Öz sahəm üzrə çalışmaq istəyirəm.

Bu ağlamaq kimi görünməsin. Sadəcə Elbrus Abbasov kimi kişinin oğluna belə laqeyd münasibət göstərilməsi adamı incidir. Dövlət başçısı mənim atama Bakının mərkəzindən ev verib. Ulu Öndər Heydər Əliyev atamı mənzillə təltif edib. Hər zaman prezidentdən qayğı-diqqət görmüşük.

Lakin bu gün AFFA-dan mənimlə maraqlanan yoxdur. Federasiyadan çox narazıyam. Atam sağ olanda AFFA-da seleksioner işləmişəm. Amma indi heç kim məni işlə təmin etmir. Atam sağ olanda bizimlə tez-tez danışan "Neftçi"nin veteranlarından indi heç kim bizimlə maraqlanmır.

Yalnız "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu qeyd edə bilərəm. Bir neçə dəfə məni klubun bazasına dəvət edib. Nə dəstək lazım olubsa göstərib. Ondan da klubun rəhbərliyindən də çox razıyam. "Qarabağ" klubunun ən sıravi işçisinə kimi hər kəsə təşəkkür edirəm.

Oğlum Bakı Avropa Litseyində təhsil alır. Qurban müəllim tez-tez atamın adını daşıyan oğlumu klubun bazasına dəvət edir. Futbolçular onunla telefonda görüntülü danışır.

Bir də Faiq Qarayevi unuda bilmərəm. Atamın 30 ildən artıq dostu olub. Hər gün mənə zəng edir, problemlərimlə maraqlanır. Arxada qalan 5 ildə 1 gün olsun bizi unutmayıb. Yerlə göy qədər ondan razıyam.

Suraxanı Rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin diqqətini hər zaman hiss etmişəm.

Nə zaman zəng etsəm, canla-başla cavab verib. Mənim narazılığım AFFA-dan, Gənclər və İdman Nazirliyi və futbol veteranlarındadır".

Xanoğlan İmanov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Digər Xəbərlər
Xəbər Lenti