COP29

İki klubumuzun əldən çıxan yüzminlərlə pulu - İki axmaq hərəkəti

28 İyul 21:40 Problem 8 341
İki klubumuzun əldən çıxan yüzminlərlə pulu - İki axmaq hərəkəti

Ötən həftə Salifu Suma, bu dəfə Murad Xaçayev.

Hər ikisi şərəfini qoruduğu komandalar üçün qəbirqazan rolunu oynadılar.

Tərslikdən hər iki oyunun ssenarisi eyniydi. Avqustun 18-də “Zirə” “Şerif”lə oyunda hesabı açmışdı, meydanda üstün tərəf idi və hər şey qələbəyə doğru aparırdı.

Suma ilk yarının sonlarına yaxın gərəksiz epizodda rəqibini yerə sərməklə qarşısında “qırmızı” gördü. Nəticədə moldovanlar mərhələni adladı.

“Sumqayıt” – “Fehervar” oyununda meydan sahibləri Səbuhi Abdullazadənin möhtəşəm qolu ilə azarkeşləri ayağa qaldırmağı bacarmışdı. İşlər yağ kimi gedirdi.

Komandanın aparıcı simalarından olan Murad Xaçyev 32-ci dəqiqədə 8-ci dəqiqədə aldığı sarı vərənin yanına birini də artırıb vaxtından əvvəl paltardəyişmə otağına yollandı. Azlıqda qalmağımızdan istifadə edən macarlar 2 qol vurub qələbəni bayram etdi.

Cari avrokubok mövsümündə komandalarımız 5 oyun keçirib. İki halda bizimkilər “qırmızı” aldığı halda, rəqiblər bir dəfə də olsun hakimlərin qəzəbinə tuş gəlməyib.

Bu faktın özü Premyer Liqada oynayan futbolçuların istər bacarığının, istərsə də təfəkkürünün hansı səviyyədə olduğunu göstərir.

Bəli, bizdəki futbolçuları böyük əksəriyyəti Avropa meydanlarında mübarizə aparmağa hazır deyil. Oradakı temp və gərginlik iç üzlərini açır. Daxili çempionatda yerli hakimlərin səxavətini görənlərin nəyə qadir olduqlarını Biləcəridən o tərəfə keçən kimi görürük.

Baş məşqçilər də futbolçunu “ağ yuyub, qara sərmək” əvəzinə hakimlikdən gileylənir, ədalət təmsilçilərinin ədaləti qorumadıqlarına dair üsyan edirlər. Futbolçu da həmin açıqlamanı oxuyub rahatlaşır, əməlinə haqq qazandırır.

Nəticə nə oldu? Suma “Zirə”ni Avropa Liqasından və böyük pul mükafatından etdi. Murad da onun kimi. “Sumqayıt” böyük ehtimalla mübarizəni vaxtından əvvəl dayandıracaq, yüzminlər sumqayıtlıların yox, macarların hesabına köçəcək.

İki futbolçu lazımsız və axmaq hərəkətləri ilə çəkilən əziyyəti yerə çırpdılar. Heç olmasa, digərləri bundan nümunə götürsün.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti