Əvvəllər insanlar söhbət eləmək, dərdləşmək üçün daha çox çayxanalara yığışardı.
Nə yalan deyim, bizim gəncliyimiz də elə çayxanalarda keçib.
Belə baxanda, indi yaxşıya doğru çox şeylər dəyişib. Restoranlar, kofe içmək üçün bir-birindən maraqlı məkanlar açılıb.
Tində-bucaqda çayxanalar da qalıb, amma onları indi daha çox dəbdəbəli çay evləri əvəzləyib. Adam hərdən o vaxtkı sadə çayxanalar üçün çox darıxır.
Sanki görünüşü ilə bir yerdə ora yığışan insanların səmimiyyəti, ideya birliyi, əltutanlığı da o illərdə qaldı. Həmin vaxtlarda böyük inqilabların məhz kiçik çayxanalardan başlamağına dair fikirləri də tez-tez eşidirdik.
İndi yəqin ki, kofe evlərində də dərin ideyalara gəlmək olar. Amma Coffee House dediyimiz bu məkanların ruhunda inqilab yoxdur sanki...
Hər dəfə AFFA-nın İcraiyyə Komitəsinin iclaslarından şəkillərə baxanda, bir qrup dost-tanışın kofe evində bir araya gəlib söhbət eləməsi, hal-əhval tutması, sonra da dağılışıb getməsi kimi gəlir adama. Son iclasda Qurban Qurbanovun olmamağını nəzərə alanda, bənzətmə tam yerinə düşür. Bunların ruhunda nəinki inqilab etmək, ümumiyyətlə nəsə etmək üçün qətiyyət yoxdur.
İK üzvləri ayda bir dəfə yığışır, eyni söhbətləri edib dağılışırlar. Hələ də Hakimlər Komitəsinin sədri vəzifəsinə adam axtarırlar, hələ də futbolun inkişaf planını yazmaq üçün işlər gedir... Eyni söhbətləri nə qədər eşidək? Bildik də bunları! Premyer Liqanın başlamağına 20 gündən də az vaxt qalıb, bunlar hələ Hakimlər Komitəsinə sədr axtarırlar. Buna nə ad qoyaq?
Bəs bilmirdiz ki, İK-ya dost-tanışları yığanda, futbol adamlarını futboldan uzaq tutanda axırda hamı bir-birinin üzünə baxacaq... Futbol sahəsində heç bir ciddi nailiyyəti, heç bir xüsusi bacarığı olmayanların oraya yığışması durğunluğa gətirib çıxarıb. Danışılanlar söhbətləşmək çərçivəsindən çıxmır. Qərarlar yoxdur, olsa da yenə kimlərinsə maraqlarına hesablanmış, dost-tanışların rifahına xidmət edəcək qərarlar veriləcək (sportal.az).