COP29

“Feysbuk” yalanı, dizdən götürülən analiz: "Bu söz-söhbət uşaq yaşlarımdan var idi"

11 İyul 16:40 Problem 393
“Feysbuk” yalanı, dizdən götürülən analiz: "Bu söz-söhbət uşaq yaşlarımdan var idi"

“Azərbaycanda ən çox tənqid olunan futbolçulardan olmuşam. Mətbuatda çalışanlar bunu çox gözəl bilir”.

Yaxın keçmişdə Azərbaycan futbolunun parlaq simalarından olmuş Vaqif Cavadov Sportinfo.az-a müsahibəsində maraqlı açıqlamalarla yadda qalıb.

Uzun illər Azərbaycan millisinin şərəfini qorumuş, Hollandiya, Rusiya və Türkiyə kimi ölkələrdə legioner həyatı yaşamış keçmiş “7 nömrə” haqqında dolaşan xəbərlərdən biri yaşının azaldılması ilə bağlı idi.

Rəsmi sənədlərdə Cavadovun 1989-cu ildə anadan olduğu göstərilsə də, sosial media platformalarında 1987-ci ildə dünyaya gəldiyi əks olunmuşdu. Məhz bu fakt şübhələrə yol açmışdı.

Hazırda “Sumqayıt-2”nin baş məşqçisi olan səbəbkar bu mövzu ilə bağlı verdiyi açıqlamayla məlum şayiəyə nöqtə qoyub:

“Yaşımda azaldılma olsaydı, ilk növbədə Rusiya millisində oynaya bilməzdim. Məni yaxından tanıyanlar bilir ki, 1989-cu ildə anadan olmuşam.

Buna dair sübutların hamısı var. Bu söz-söhbət uşaq yaşlarımdan var idi.

Ona görə də illər öncə lazım olan analizləri də vermişdim. Hətta qanımdan yox, dizimdən analiz götürmüşdülər.

Çünki dizdən götürülən analiz ən dəqiqidir. Azərbaycanda bu şayiə sosial şəbəkələrdən yarandı.

O vaxt adıma “feysbuk” səhifəsi açan tanışım doğum ilimi 1987 yazmışdı deyə, elə də getmişdi.

Ondan sonra bu söhbət yayılmışdı. Yenə deyirəm, 1989-cu ildə doğulmuşam və buna dair bütün sübutlarım var”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti