COP29

“Ora getməsəydim, aclığa tab gətirməsəydim, indi Allah bilir, haradaydım”

3 İyul 21:00 Problem 2 220
“Ora getməsəydim, aclığa tab gətirməsəydim, indi Allah bilir, haradaydım”

“Futbolçu uşaq yaşlarından düzgün yöndə yetişmirsə, gələcəkdə ondan tam istədiyini almaq mümkün deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasına yığmamızın sabiq müdafiəçisi Usim Nduka deyib.

2004-2013-cü illər aralığında AZAL-ın şərəfini qoruyan, 1 illik “Tavşanlı Linyitspor” karyerasının ardınca Azərbaycana qayıdaraq “Simurq”da forma geyinən nigeriyalı burada keçirdiyi illər ərzində müşahidə etdiyi problemi diqqətə çatdırıb:

“İnkişaf etmək üçün mütləq xaricə getmək lazımdır. Digər problem azərbaycanlı futbolçuların ölkəni tərk etmək istəməməsi, ya da legioner həyatını erkən başa vurmasıdır.

Özümdən danışım. 2013-cü ildə AZAL-da oynayırdım və aylıq maaşım 20 min dollar idi. Həmin vaxt mənə “Tavşanlı Linyitspor”dan aylıq 15 min dollar şərti ilə təklif gəldi.

Üstəlik, komanda birinci liqada mübarizə aparırdı. Oğlum balacaydı, ailəm Bakıda yaşayırdı, AZAL-da daha çox qazanırdım, ətrafında xeyli dostlarım vardı.

Getməyə bilərdim də, düzdür? Amma mən getdim.

Niyə? Çünki 31-32 yaşım olsa da, özümə güvənirdim. İstəyirdim daha geniş publikanın önündə oynayım, daha çox reklam olunum, daha çox tanınım.

O dönəmdə Super Liqada illik 1 milyon dollar qazanan futbolçular var idi. Fikirləşirdim ki, mənim onlardan nəyim əskikdir?

Gedəcəm, “Tavşanlı”da uğurlu olacam, növbəti mövsümdə Super Liqada oynayacam.

Bu düşüncəylə getmişdim Türkiyəyə. Hə, alınmadı, pulumu vermədilər, bu, başqa söhbətin mövzusudur.

Vacib olan futbolçunun öz qarşısına məqsəd qoyması, daim yüksəklərə can atmasıdır. İndi deyə bilmərəm, o vaxt azərbaycanlı futbolçularda bu çatmırdı.

Nigeriyadan Rusiyaya getməsəydim, Sankt-Peterburqdakı aclığa tab gətirməsəydim, Azərbaycanda qalmaq üçün səy göstərməsəydim, indi Allah bilir, haradaydım”.

Digər Xəbərlər
Xəbər Lenti