Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəsarət səbəbindən vəfat etməsi ölkənin əsas gündəm mövzularından birinə çevrilib.
Məsələ ətrafında xeyli suallar var. Məlum videodan sonra valideynlər övladlarını idman məşqlərinə göndərməklə bağlı narahatlıq keçirməyə başlayıblar.
Avropa oyunlarının mükafatçısı Mehman Xəlilovun etdiyi kobud sambo fəndi nəticəsində həyatını itirən 2016-cı il təvəllüdlü Fərid Bakarovun ölümü hər kəsi sarsıdıb.
Bəs əslində uşaqlarla peşəkar məşq necə keçilməlidir? Fəndlər öyrədilərkən əzələ möhkəmlənməsi səbəbi ilə azyaşlılarla kobud davranış şərtdirmi?
Sportinfo.az xəbər verir ki, “qafqazinfo” mövzu ilə bağlı boks üzrə əməkdar məşqçi Rafiq İsmayılovun fikirlərini öyrənib.
Təcrübəli çalışdırıcı uşaqlara qarşı məşqçilərin azyaşlılara necə davranmalı olduğunu açıqlayıb: “Məşqçi idmanda uşaqlarla oynamalıdır. Onlar azyaşlıdır və çox şeyi anlamır. İdmanı onu məcbur edərək yox, sevdirərək keçmək lazımdır. Bizim yanımıza da uşaqlar gəlir. Onları qucaqlayırıq, başı tumarlayırıq, əzizləyirik. Bu idman metodikasıdır. Məşqçi özünü də, idmanı da ona sevdirməlidir, onun həmyaşıdı kimi davranmalısan. Kobud davranmaqla heç nə olmayacaq. Bütün bu sadaladıqlarım idman metodikasında var. Məsələn, biz uşaqlara məşqlərdə müxtəlif oyunlar veririk ki, o, məşqçi həmin oyunlarla sevsin. Hər kiçik uğrunda ona “afərin” deyirik, tərifləyirik. Uşaqlarla, yeniyetmələrin məşqi eyni yerdə olmamalıdır, hətta paltardəyişmə otağı belə ayrı olmalıdır. Bu da tərbiyənin bir növüdür. Çox məşqçilər bunlara əməl etmir. Mənim yanımda azyaşlılar çoxdur, bütün günü burda atdanıb-düşürlər, əylənirlər. Bizi də öz əmisi, dayısı, qardaşı bilirlər. Belə də olmalıdır”.
R.İsmayılov düşünür ki, bu cür hadisələrin olmasının səbəbi həm də valideynlərin diqqətsizliyidir: “Çox pis hadisədir. Ürək ağrısı ilə qarşıladım. Məncə, ilk günah valideynlərdədir. Ona görə ki, onlar öz övladlarını maraqlanmamış, məşqçilik təcrübəsi olmayan, pedaqoji təhsili olmayan adamlara əmanət edirlər. Səbəb odur ki, onlar instaqramda, feysbukda, tik-tok-da videolar paylaşan məşqçilərə aldanırlar. Düşünürlər ki, bu məşqçidən yoxdur, çox yaxşıdır və uşağımızı onun yanına göndərə bilərik. Ola bilər ki, bu məşqçi nə vaxtsa titullar qazanıb. Amma onun fəaliyyətinə qiymət vermək, izləmək, incələmək lazımdır. Belə məşqçilər videolar çəkib sosial şəbəkələrdə yerləşdirirlər və beləcə valideynlərin marağına səbəb olurlar”.
Əməkdar məşqçi tələbələrinə qarşı şiddət göstərən məşqçilərin uşaqlıqda psixoloji travma yaşadıqlarını deyir: “Həmin psixoloji probemlər bu gün məşqlərə təsir edir. Azərbaycanda təcrübəli, sözünü demiş məşqçilər çoxdur. Sayılıb-seçilirlər. Düşüncəli valideynlər övladlarını gətirib həmin məşqçilərin yanına qoyurlar. Mehman Xəlilovun videosuna baxdım və fikrimcə, o, anlaqlı vəziyyətdə deyil. Çünki çox aqressiv görünür. Bu cür hallar mütləq araşdırılmalıdır”.
Əməkdar məşqçi bu cür zalların istifadəsinin tənzimlənməli olduğunu da sözlərinə əlavə edib: “Keçmiş idmançılar hara müraciət edib məşq keçirsə, həmin klublar nəzarət etməlidir. Klub, ya federasiya maraqlanmalıdır ki, bu adam kimdir, necə məşq keçir, harada təhsil alıb, məşqçilik lisenziyası varmı...
Mütəmadi olaraq bütün qurumlar Gənclər və İdman Nazirliyinə bu barədə məlumatlar verilməlidir. Bizim federasiya hazırda bunu edir və məşqçilər haqqında məlumatlar yerləşdirilir. Təkcə Boks Federasiyası yox, bütün qurumlar bunu etməlidir. Məşqçilərlə danışıqlar aparılmalıdır, işə götürəndə onlarla söhbətlər edilməlidir, testlər aparılmalıdır. Yəni, bəlli olsun ki, doğrudan da bunun ağlı, təhsili imkan verirmi ki, o, məşqçilik etsin? Bunlar vacib amillərdir”.
“Qəbələ” İdman Klubunun üzvü, əməkdar məşqçi Ramil İsmayılov da şiddətin uşaqlara təkcə fiziki deyil, mənəvi cəhətdən də pis təsir etdiyini deyib: “Uşaq məşqçiləri tamamilə başqa profildir. Bir insan əgər azyaşlı uşaqları çox sevirsə, o, yaxşı məşqçi ola bilər. Çünki özünü onlara sevdirəcək, onlarla dil tapacaq. Amma əgər biri çox yaxşı idmançı olub, karyerasında uğurları çoxdur, gəl ki, uşaqları sevə bilmir, ondan heç zaman yaxşı məşqçi olmayacaq. Bu cür insanlar azyaşlılar üçün təhlükəlidir. Titulları az olan idmançı var ki, metodikası güclüdür, uşaqlarla işləməyi bacarır və o, yaxşı məşqçidir. İstənilən məşqçinin uşaqlara təzyiq üçün “silahı” olmalıdır, amma bu, şiddət deyil. Uşağı özünə sevdirsən və o, sənə qulaq asacaq. Bir də “sürü psixologiyası” deyilən bir şey var. Məsələn, evində dəcəl olan uşaq gəlir zala ki, müəllim 20-30 uşağa “qalx” deyir qalxırlar, “otur” deyir otururlar. Bu da onlara qoşulacaq. Amma söyməklə, döyməklə heç nə olmur. Sumqayıtda baş verən hadisədə uşağın boynu sındı və o vəfat etdi. Lakin idman zallarında mənəviyyatı “sınan” yüzlərlə uşaq var. Buna nəzarət edən heç kim yoxdur. Fərid dünyasını dəyişdi və üzə çıxdı. Bu milyonda bir olan hadisədir. Psixoloji şiddət olunan uşaqlar isə çoxdur. Təbii ki, məşqçi səsini qalınlaşdırıb uşağa nəyisə izah edə bilər, amma söymək, təhqir etmək çox pis haldır. Bunlar uşaqlarda xof yaradır. Belə böyüyəndə özündən zəifi əzməyə, təhqir etməyə çalışacaq.
Uşaq idmanında olan məşqçilər seçilmiş adamlar olmalıdırlar. Bu cür adamlarla söhbət edəndə rahatlıq olmalıdır. Bir idmançı gedib Avropa üçüncüsü ola bilər, gücü ola bilər, amma psixoloji olaraq problem yaşaya bilər. Ondan məşqçi olmaz. Bizim də zallarımız var. Uşaqlar məşqə gələndə onlara konfet, yoqurt hədiyyə edirik ki, bizi sevsin. Cahil insanlar isə uşaqlar üzərində hakimiyyətini gücü ilə qurmaq istəyir. Amma bunu şirin dillə, sevgi ilə etmək olar. Mehman Xəlilovu tanıyıram. Onu fərd olaraq yox, idmançı kimi görmüşəm. Videoya baxanda da görünür ki, bu adamda heç bir insani keyfiyyət yoxdur, din, iman, dövlətçilik, sevgi – heç biri yoxdur. Bu adam təhlükəli silahdır. İndi siz düşünün ki, bu adam nə qədər uşağın mənəviyyatını alçaldıb orda. O, psixoloji problemli idmançıları, gələcəyin cinayətkarlarını yetişdirib. Yəni ki, bu cür məşqlərdə iştirak edən uşaqlar böyüyəndə özündən zəifi əzir. Biz uşaqlara deyirik ki, siqaret çəkmə, amma özüm çəksəm, o, dediyimi yox, mən etdiyimi edəcək. Gənclər və İdman Nazirliyi tərəfindən federasiyalara tapşırıq verilməlidir ki, bu cür zallara nəzarət etsinlər.
Bu gün məşqçilərdən nəticə istənilir. Bir uşaq meydana çıxanda əgər müəllimindən daha çox qorxursa, onun qalib gəlmək şansı artır. Buna görə də müəllimlərin çoxu uşaqlarını qorxudur, döyür. Amma müəllimindən qorxmayan uşaq rəqibindən qorxub uduzur. Mən düşünürəm ki, uşaq uduzsa da, mənəvi sınmamalıdır. Bu uşaq gələcəkdə uğurlu olacaq, çünki dərk edəcək. Uşaqları döyən müəllimlər fikirləşir ki, çempionatda 3 medal qazandım, əla məşqçiyəm və yaşayışım yaxşıdır. Yanlış düşüncədir.
Mənim müəllimim Tərlan Həsənov olub və heç zaman hansısa uşağı döydüyünü görməmişəm. Məsələn, mənim tələbəm var, mən onu heç döyməmişəm, amma o, tələbələrini döyür. Qarşısını ala bilmirəm, çünki səlahiyətli şəxs deyiləm. Lakin nazirlik nəzarət edib, qarşısını ala bilər”.
Elsevər Məmmədov