«Xəzər Lənkəran» mərkəzi stadionu avqustda təmirə bağlana bilər.
Bu barədə Mübariz Mənsimovun yaxın çevrəsindən redaksiyamıza məlumat daxil olub.
Bildirilib ki, iş adamı ona məxsus arenada aparılacaq yenidənqurma işlərinə 2-2,5 milyon manat civarında vəsait ayırıb.
Podratçı şirkət müəyyənləşdirilib və onların nümayəndələri Lənkərana gələrək, futbol kompleksinə baxış keçirib. Burada çalışacaq briqadaya ilkin mərhələdə 40-a yaxın işçi daxil edilib.
Əslində, təmir-bərpa prosesinə martda start verilməli idi. Bəs ötən 5 ay ərzində niyə daşı daş üstünə qoyulmayıb?
«Xəzər Lənkəran»ın sahibi stadionla əlaqəli hüquqi prosesin tamamilə başa çatmasını gözləyir.
Xəbər verdiyimiz kimi, eyniadlı klubun prezidenti Mais Mənsimov arenanı öz oğlunun adına keçirib. Mübariz Mənsimov Türkiyədə həbsdən çıxandan sonra qardaşının əməlindən xəbər tutub və məhkəməyə üz tutub.
Məlum olub ki, Mais Mənsimov stadiona saxta sənədlərə istinad edərək özəlləşdirib. Araşdırma bu faktı aşkarlayıb və Mübariz Mənsimovun lehinə qərar çıxarıb.
Mais Mənsimov bununla barışmaq istəmədiyindən, problemə hələ nöqtə qoymaq mümkün olmayıb. Stadionun kimə məxsus olmasına dair növbəti/yekun qərar verilməlidir, bunun da gələn ay gerçəkləşməsi gözlənilir.
Mais Mənsimov Türkiyənin “Palmali Gemicilik ve Acentelik Anonim Şirketi”nin Azərbaycandakı Fililalının (VÖEN -1400043761), həmçinin “Azərkeş Xəzər-Lənkəran” MMC-nin (VÖEN - 2600058551) qanuni təmsilçisidir.
“Palmali Gemicilik ve Acentelik Anonim Şirketi”nin Azərbaycandakı Fililalının hazırda dövlət büdcəsinə vaxtında ödənilməyən vergi borcu da var.
SPORTİNFO.AZ