Keçmiş hərbçi, Tovuz rayon Vahidli kənd sakini Aslanov Səxavət Tahir oğlu kəskin lemfoblast leykoz xəstəliyindən əziyyət çəkir.
Bu barədə “qafqazinfo”ya onun ailə üzvləri məlumat veriblər.
Səxavətin həyat yoldaşı Suqra Aslanovanın sözlərinə görə, o, 2014-cü ildən bəri hərb sahəsində çalışıb.
Səhhətindəki problem 2022-ci ildə məlum olub, ötən il isə S.Aslanova xəstəliyi ilə əlaqədar hərbiyə yararsız olaraq 2-ci qrup əlillik verilib. Bundan sonra o, tərxis edilib və pensiyaya çıxıb: “Səxavət hazırda 620 manat pensiya alır. İkinci Qarabağ Müharibəsinin iştirakçısıdır. Müharibədən sonra ağrıları var idi. 2022-ci ildə kəskin leykoz diaqnozu qoyuldu. 5 ay hərbi hospitalda müalicə aldı. Dövlət təxminən onun müalicəsi üçün 50 min manat xərcləyib. Daha sonra müalicəsinə evdə davam etdi. 2024-cü ilin mart ayında sağ gözün tamamilə tutulması ilə sümük iliyi biopsiya analizi götürülüb. Bundan sonra məlum oldu ki, xəstəliyin kəskin lemfoblast leykoz olaraq qayıdışı olub. Səxavətə kök hüceyrə nəqli, yəni ilik köçürülməsi diaqnozu qoyuldu”.
Suqra xanım bildirib ki, hazırda Səxavətin müalicəsi Hematologiya və Transfuziologiya İnstitutunda davam edir: “Sümük, əzələ və bədən ağrıları var. Ona görə tez bir zamanda ilik nəqli olunmalıdır. Səxavətin bacısının qan göstəriciləri uyğun gəlməyib. Buna görə də çarəsiz vəziyyətdə qalmışıq. Donorumuz olmadığına görə əməliyyat Türkiyədə baş tutmalıdır. Bunun üçün isə 83 min dollar pul lazımdır. Buna isə bizim artıq imkanımız çatmır. Bu vaxta qədər olan bütün müalicələrdə qohumlar, tanışlar köməklik ediblər. Təxminən 30 min manata yaxın pulumuz xərclənib. Qısa müddətə donor tapılmasa, Səxavət həyatını itirəcək”.
Məsələ ilə bağlı “YAŞAT” Fonduna sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Aslanov Səxavət Tahir oğlu oğlu 2-ci qrup əlil olsa da, “YAŞAT” Fondunun subyekti hesab olunmur: “YAŞAT” Fondunun subyekti şəhid ailəsi üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan şəxslərdir. Qeyd edək ki, vətəndaşın əlilliyi hərbi xidmət dövrü ilə əlaqədardır.
Fondun məqsədi dövlət tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına göstərilən sosial tədbirlərə əlavə dəstək verməkdir”.
Qeyd edək ki, 31 yaşlı Səxavətin 3 övladı var. O, Tovuz rayon Qaraqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib. “Vətən Müharibəsi İştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Səxavət Aslanova kömək etmək istəyənlər (050) 861 75 14 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Kart hesabı: 4127209300390140
Yazını hazırladı: Lamiyə Məmmədova