«Mən çox istərdim ki, AFFA klubların yaşaması və normal fəaliyyət göstərməsi üçün növbəti addımları atsın».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.
Ötən il fəaliyyətini bərpa etmiş «Dinamo»nun birinci şəxsinin bildirdiyinə görə, federasiya klublara ayrılan maliyyə yardımını artırsa və mövcud dotasiyanın şərtlərini bir qədər yumşaltsa, çempionatın səviyyəsini qaldırmaq mümkündür:
«AFFA hər mövsüm üçün 50 min manat vəsait ayırır. Bu məbləğ kifayət etmir.
Mən də «Dinamo»nun adından AFFA prezidenti Rövşən Nəcəfə məktub göndərmişəm. Eşitdiyimə görə, digər kldublardan da AFFA-ya belə müraciətlər var.
Bir klub rəhbəri kimi Rövşən müəllimə öz müraciətimi etmişəm, xahişimi çatdırmışam. Bilirsiz ki, bizim İsgəndər Cavadovun adını daşıyan akademiyamız da fəaliyyət göstərir.
Akademiyanın bu gün-sabah 10 ili olacaq. Hazırda burada 238 uşaq, yeniyetmə və gənc futbolla məşğuldur.
10-a yaxın yaş qrupumuz var. Premyer Liqada bəzi klubların heç bu qədər uşaq komandası yoxdur.
Mən problemlərimizi həmin məktubda sadalamışam. Hansı işləri görməyin mümkün olduğunu da orada qeyd eləmişəm.
Biz həmişə əziyyət çəkmişik. Kənardan akademiyaya 1 manat da olsun, dəstək yoxdur.
Onu nəzərə alın ki, «Dinamo»nun əsasını bu akademiyadan çıxan gənclər təşkil edir. Qarşıdakı mövsümdə də onlara üstünlük verəcəyik.
İndiyədək 100-dən artıq yetirməmiz müxtəlif klublara gedib. Bu da onu göstərir ki, bizdə düzgün iş gedir.
AFFA-dan kluba və akademiyaya dəstək olsa, daha çox iş görə bilərik. Bu qədər uşağı və gənci pis vərdişlərdən uzaq tutan, onlara sağlam həyat aşılayan akademiyamızın, klubumuzun köməyə ehtiyacı böyükdür.
Mən bunu tək «Dinamo» üçün demirəm. Ümumiyyətlə, hesab edirəm ki, II Liqada mübarizə aparan bütün klubların AFFA-nın yardımına ehtiyacı var.
Futbolun İnkişaf Fondu ilə bağlanılan müqaviləyə əsasən, il ərzində hər kluba 50 min manat ödənilir və bunu 10 aya bölsək, hər ay üçün 5000 manat edir.
Beş min manatın da xərc istiqamətləri var. Məbləğ az olduğu halda, məhdudiyyətlər qoyulub.
Məsələn, sən o pulla forma sifariş verə, kreditlə avtobus ala bilməzsən. Müqavilədə şərt var ki, qrant layihəsindən alınan pul kreditə sərf olunmamalıdır.
Ay ərzində 4 dəfə avtobusu günlük icarəyə götürürük. Bu, bizə 1000-1500 manata başa gəlir.
Halbuki icazə verilsə, bir nəqliyyat satışı ilə məşğul olan şirkətlə danışmaq, 10 min manat ilkin ödəniş etməklə, sonradan AFFA-dan gələn vəsaitin bir hissəsini aybaay kreditin bağlanmasına yönəltmək mümkündür.
Çünki günlük icarəyə götürdüyümüz şirkətlər pulu nəqd şəkildə istəyirlər. Köçürmə yolu ilə ödəmə onlara sərf eləmir.
Biz bu problemlə forma sifarişi və digər işlərdə də qarşılaşırıq. Belə götürəndə, çempionatın gedişində o qədər problemlər üzə çıxır ki…
Çox istərdim ki, AFFA yardım paketinin ümumi miqdarını artırsın. Bu, İkinci Liqadakı bütün komandaların yaşaması üçün vacibdir.
Demək olar, buradakı komandaların heç birinin öz stadionu, avtobusu yoxdur. Əslində, bir çoxu həvəskar səviyyədə fəaliyyət göstərir.
Yalnız iki-üç iştirakçının əlavə sponsoru var. Mövcud vəziyyətdə inkişaf getməyəcək. Bizim ümidimiz yenə AFFA-yadır.
Ümid edirəm ki, Rövşən müəllim başda olmaqla, yeni rəhbərlik İkinci Liqaya diqqəti artıracaq. Bu şəxslər AFFA-ya yeni gəlib və hamı kimi, bizim də onlardan gözləntilərimiz çoxdur».