Gələn mövsümdən etibarən Premyer Liqada futbolçularla bağlı limit aradan qaldırılacaq.
Yəni indiki kimi komandalara əsas heyətdə meydana 7 legioner və 4 yerli futbolçunun çıxması tələbi qoyulmayacaq.
İcraiyyə Komitəsinin bu ay baş tutacaq iclasında məsələ ilə bağlı yekun qərar veriləcək. Son anda ortaya ciddi əngəl çıxmasa, vəziyyət gözlənilən kimi olacaq.
AFFA-dakı rəhbər dəyişikliyindən sonra Azərbaycan futbolunun və futbolçularının inkişafını gözləsək də, məlum qərar çox bəlalara yol açacaq.
Limitin aradan qaldırılması üçün ölkədə bacarıqlı futbolçuların sayı çox olmalıdır ki, onlar əsas heyətdə möhkəmlənmək uğrunda əcnəbilərlə rəqabətə tab gətirsin. Yoxdur axı.
Klubların əlinə inanılmaz fürsət düşəcək. İmkanlılar yüksək ödənişli gəlmələri yığacaq, kasıblar da azərbaycanlı futbolçuların qiymətində olan afrikalıları, ya da 3-5 minə oynayamağa ikiəlli razılaşan balkanları.
Hara fırlandırsan-fırlat, legionerin ən pisi belə, orta səviyyəli azərbaycanlıdan üstündür ki, zəif deyil. Çünki uşaq futbolunda nələrisə görüb-götürüblər, öyrəniblər.
Bizimkilər isə topu atıb qaçmaqdan başqa heç nə görməyiblər. Ona görə də baş məşqçilər daha faydalılara - əcnəbilərə güvənəcəklər.
Sözümün canı odur ki, ölkədə legionerlərlə rəqabətə tab gətirə biləcək oyunçular yetişməyənə qədər limitin aradan qaldırılması fayda verməyəcək.
Heç olmasa, limitin dərdindən indi hər komandada 5-6 futbolçu oynayır. Qadağa aradan qaldırılsa, inanın, onlar da gözdən itəcək. Bundan ziyan görən isə milyonların dalınca gələn Fernando Santuş və Azərbaycan millisi olacaq.
Görək də. Bəlkə qadağanı aradan qaldırmaqla yanaşı, əlavə hansısa qərarlar da qəbul olunacaq. Bəlkə 30 ildir can verən Azərbaycan futbolunun əsas dərdi ilə limit imiş.
HƏBİB / SPORTİNFO.AZ