“Səbail”in fiaskosu davam etməkdədir.
Rauf Vəliyevin gözündən düşən Şahin Diniyevin «dənizçilər»ə yaşatdığı «müsibət»də artıq növbəti «pərdə» oynanılır.
Dünən daha bir məğlubiyyət Sumqayıtda tarixin sinəsinə çökdü. «Araz-Naxçıvan»ın qonağı olan Bayıl təmsilçisi ilk hissəni 1:0 irəlidə bitirsə də, yekunda 1:3 hesablı yenilgi ilə meydanı tərk elədi.
Matçdan sonra Diniyevin keçirdiyi mətbuat konfransında maraqlı an yaşandı. Ona belə bir sual ünvanlandı:
- Gələcəyə baxanda nə görürsüznüz? Düşünürsünüz ki, bu, doğru yoldur?
Şahin Diniyev bu sualı istefa çağırışı kimi qəbul etdi və belə cavab verdi:
“Siz məndən bir cavab istəyirsiniz, o cavabı almayacaqsınız. Bunu əvvəldən deyirəm. Birbaşa soruşmursunuz ki, getmək, istefa vermək fikriniz var? Bunu mədəni dildə çatdırmaq istəyirsən. Gələcəyə pis baxmıram. Komanda bu gün futbol oynayırsa, deməli, nəsə ümid var. Ümid sonda ölür. Nəticə də yoxdur, oyun da olmasaydı, siz deyənlə razılaşardım. Bu gün oyun var, nəticə yoxdur. Çox arqumentlər qoya bilərsiniz. Haqlısınız. Ancaq düşünürəm ki, 7-8 tur keçib. Hər şeyin sonu deyil. Belə oyunla bu qədər xal, tutduğumuz yer tərs mütənasibdir. Səbəb axtarmıram. İndi nə desəm, nöqtəyə gedib çatmır. Bunu anlayıram, uşaq deyiləm. Fakt göz qabağındadır”.
Bəli, fakt göz qabağındadır - “Səbail” 8 turdan sonra 4 xalla 8-ci yeri tutur. Amma Diniyev yenə «oyun» oynayır.
Öz aləmində «uzaqgörən» davranış sərgiləyir. İstefa vermək niyyətində olması haqda yaın çevrəsindən xəbərlər almaqdayıq.
Düzü, inanmırıq. İnanmırıq ki, Diniyev həqiqətən sözünün arxasında dayanar və gedər.
O, bu tip informasiyalar yayılmasında maraqlıdır. Belə etməklə istər klub rəhbərliyini, istərsə də komandanı təsiri altında birləşdirmək məqsədi güdür.
Bilir ki, yönətimdə fikir ayrılığı mövcuddur. Ona münasibətdə parçalanmanın olmasını müşahidə etməkdədir. Bilir və görür ki, qalmasını kimlər istəyir, kimlər istəmir.
İcraçı direktoru Firuz Abdulla, idman direktoru Zamiq Hüseynov və onlara bağlı şəxslərin getməsinə tərəfdar olmasından xəbərdardır.
Digər tərəfdən, İdarə Heyətinin sədri Rauf Vəliyevə sözünü keçirir. Axı Diniyev məhz klubun birinci şəxsinə bir zəng vurdurmaqla, buradakı «ömrünü uzadıb».
Çıxış tapdığı vəzifəli şəxsin vasitəsilə Vəliyevi çıxılmaz vəziyyətə salıb, o da məcburiyyət qarşısında qalaraq, müqavilə müddətinin daha 1 il uzadılmasına razılıq verib.
İndi ümumi durum belədir: əsəb savaşını kim qazanacaqsa, həmin qüvvə də qələbə qazanacaq. Diniyev ayda 10 min manatın üstündə pul alır.
Bu, hələ onun maaşıdır. Adını çəkdiyimiz məşqçinin «çax-çux» sevdalısı olması da məlumdur.
Harada işləyib, sağdan, soldan əlavə gəlir əldə etməyə öyrəşib. 2022-ci ilin dekabrından «Səbail»də fəaliyyət göstərir və ötən müddətdə «transfer pəncərəsi» 4 dəfə açılıb və bağlanıb.
Geridə qalan zaman kəsiyində Bayıla 30-a yaxın futbolçu gəlib, bir o qədəri gedib.
Adətən, işlədiyi klublarda özünə yaxın, inandığı 2-3 menecerdən savayı heç kimi yaxına buraxmayan Diniyev lap bu gün «Səbail»dən getsə, ömrünün axırınadək pul sarıdan korluq çəkməyəcək.
Bundan sonra 7 nəslini təmin edəcək qədər var-dövlət toplayıb. Hər nə qədər yazıq sifət alsa da, kasıbyana görünsə də.
O, «Səbail»dən dörəlli yapışıb. Firuz Abdullanın Şahin Diniyevə gücü çatmır və çatmayacaq.
Rauf Vəliyev nə vaxt özündə təpər tapacaq, nə vaxt içdən əsəbiləşəcək, onda da baş məşqçini dəyişəcək.
Sədrin də başı bu dəqiqə başqa işlərə qarışıqdır, «Səbail» bəlkə də günlərlə yadına düşmür, o hayda deyil.
MUSA