
"Neftçi" "Zirə" ilə oyuna fırtına kimi başladı.
Üçüncü zonada pressinqlə ələ keçirilən toplarla sürətli əks-hücumlar məntiqli olaraq erkən qollara yol açdı.
Artıq 23-cü dəqiqədə "ağ qaralar" 2:0 öndə idi.
Fasiləyə kimi ərazi üstünlüyünə sahib olan da meydan sahibləri olduğunu deyə bilərik.
"Samir Abasovun görmək istədiyi "Neftçi" budur" deməyə hazırlaşırdıq ki, Azər Salahlının ani diqqətsizliyi hakimin nöqtəni göstərməsi ilə nəticələndi.
Fasiləyə saniyələr qalmış buraxılan bu qol qonaqları yuxudan ayıltdı. İkinci yarıya Rəşad Sadıqovun əvəzetmələrlə başlaması da "qartallar"ın yüksək tempə keçidini təmin etməyə hesablanmışdı.
İssa Cibrila və Ceyhun Nuriyev kollektivə lazım olan qığılcımı verə bildi.
"Zirə"nin yaxşı komanda ruhu, effektiv ehtiyat qüvvəsi və ən əsası 0:2 də belə xoş gələcəyə inanacaq qədər güclü iradəyə sahib olması bu görüşdə də öz təsdiqini tapdı.
"Neftçi"də isə ikinci yarı problemləri bütün çılpaqlığı ilə gözlər önünə sərdi.
Ağadadaş Salyanskini əvəzləyən Bassala Sambu üçüncü zonaya nəinki canlanma gətirdi, hətta olub-olanı da aradan apardı.
Hər ötən dəqiqə pərən-pərən düşən komanda ab-havası "Neftçi" üçün acı sonluğun ilkin siqnalları idi.
Ramil Şeydayev bir neçə metr yaxınlıqda olan Koffini zərbə mövqeyinə çıxarmaq əvəzinə topu rəqibə verir və davamında hesab bərabərləşir.
Yuri Matis, Ervin Koffi hücumlara qoşulur, ardını gətirə bilməyincə yerdə qalır.
Nə bərabərlik qolundan sonra meydana daxil olan Rafael Quzzo, Dembo Darbo, nə də hesabda geri düşəndən sonra meydana ayaq basan Andrey Ştoqrinlə Aleks Fernandes bir işə yaramadılar. Braziliyalının hərəkətləri ümumiyyətlə anlaşılan deyildi. Gələnə-gedənə ilişən cənubi amerikalı futbol oynamalı olduğunu unutmuşdu.
Nəticədə daha üç qol vuran "Zirə" haqq etdiyi möhtəşəm geridönüşlə aktivinə növbəti 3 xalı yazdırmış oldu.
XANOĞLAN / SPORTİNFO.AZ