
AFFA-nın 2025/2026 mövsümündə Premyer Liqava çıxış edəcək klublar üçün ayıracağı məbləğ açıqlanıb.
Bu barədə milli assosiasiyanın Hesabat Konfransında bildirilib.
Əvvəl olduğu kimi, yeni mövsümdə də klublar üçün 30 milyon manat ayrılacaq. Sadəcə, bu məbləğ artıq 10 deyil, 12 iştirakçıarasında bölüşdürüləcək.
Bununla da hər kluba illik 2.5 milyon manatın veriləcəyi müəyyənləşib. Daha əvvəl bu rəqəm komanda sayına uyğun olaraq 3 milyon manat təşkil edirdi.
Federasiyanın yeni qərarı elita təmsilçiləri arasında narahatlıqla qarşılanıb. Çünki heç də bütün liqa mənsubları sponsorlar tərəfindən tam təmin olunmayıb.
Elə isə AFFA rəhbərliyi niyə yeni yarışmaçılar üçün əlavə büdcə ayırmadı? Əgər qurumun belə bir niyyəti var idisə, niyə martda bunu açıqlamırdı?
Əldə etdiyimiz məlumata görə, AFFA 6 milyon manatı tapmaqda çətinliklə üzləşib. Federasiya əsasən SOCAR tərəfindən maliyyələşir.
Hazırda isə dünya birjalarında neftin qiyməti sürətlə aşağı düşməkdədir. Dövlət büdcəsində «qara qızıl»dan daxilolmalar minimum 60 dollardan götürülüb, amma son vaxtlar görürük ki, təbii məhsul günbəgün dəyər itirməkdədir.
İndi bir barel neft 55-56 dollar civarında qiymətə satılır.
Qarşıdakı müddətdə bu məbləğin daha da aşağı düşməsi gözlənilir, odur ki, AFFA riskə getmək istəməyib.
SPORTİNFO.AZ