
Premyer Liqanın 30-cu turunun bütün matçlarının yekun nəticəsi ciddi önəm kəsb edir.
Bu mənada “Neftçi” – “Zirə” qarşılaşmasının start fiti böyük maraqla gözlənilir.
Ölkə kubokunun yarımfinalında “Sabah”a uduzmaqla işini çətinə salan bakılılar çempionatdan bərk yapışmalıdır. Bundan sonra qazanılacaq hər xal, hər qələbə qızıla bərabərdir.
Dördüncü pillədəki “Turan Tovuz”la fərq 9, beşinci yerdəki “Sabah”la fərq cəmi 1 xaldır. “Neftçi” zirəliləri məğlub etməklə beşinci sıraya yüksəlib, “Turan”a yaxınlaşa bilər. “Turan Tovuz”la “Sabah”ın şənbə günü öz aralarında oynayacağını nəzərə alsaq, “Zirə” üzərində qalibiyyət “Neftçi”nin işini xeyli yaxşılaşdıracaq.
Təbii ki, zirəlilər uduzmaq istəmir. Hazırda ikinci sırada yer alan “qartallar” büdrəsə, “Araz-Naxçıvan” üçün yuxarı qalxmaq baxımından əla imkan yaranacaq.
Bir şey də var ki, “ağ-qaralar” 2025-ci ildə Premyer Liqa çərçivəsində “Neftçi Arena”da keçirdiyi beş oyunun cəmi birində - “Qarabağ”a məğlub olub. Yəni öz azarkeşlərinin gözlərinin qarşısında inamlı görünürlər.
Hə, keçək əsas məsələyə. Samir Abasovla Rəşad Sadıqovun məşqçi duelindəki mübarizəyə. “Neftçi” cari mövsümdə Abasovun rəhbərliyi altında Sadıqovun çalışdırdığı “Zirə” ilə iki dəfə üz-üzə gəlib.
Və hər iki oyunda qələbəyə sevinən tərəf “ağ-qaralar” olub. Ümumiyyətlə, “qartallar” “Neftçi Arena”da meydan sahiblərinə qarşı matçlarda çətinlik çəkir. Sadıqovun Abasov kabusu isə başqa dərddir. “Zirə” bu dəfə də uduzsa, Sadıqovun mətbuat konfransında “Neftçi”dəki həmkarı ilə duellərdən məğlub ayrılması ilə bağlı deyəcəkləri maraq doğuracaq.
“Neftçi”nin ziyanına işləyən yeganə məqam komandada zədəli futbolçuların çoxluğudur. Andrey Ştoqrin, Emil Səfərov, Ryonosuke Ohori, Rafael Quzzo zədədən əziyyət çəkirsə, Mustafa Sek, Rza Cəfərov, Yuri Matias müxtəlif ağrılara görə Şamaxıda meydana çıxa bilməmişdi.
Yeri gəlmişkən, “Zirə” bazar günü uduzsa, “Qarabağ” da “Səbail”i məğlub etsə, ağdamlılar çempionluğu finişə 6 tur qalmış rəsmiləşdirəcək.
Aprelin 13-də “Neftçi Arena”da keçiriləcək duel saat 19:15-də başlayacaq.
HƏBİB