
"Araz Naxçıvan" sonuncu dövrəyə "Neftçi" ilə oyunla start verəcək.
Üçüncü dövrənin ən uğursuz komandası qarşılaşmaya dönüş nöqtəsi kimi baxacağı dəqiqdir.
Kollektiv üçüncü dövrədə keçirdiyi 9 görüşdə cəmi 1 qələbə qazana bildi.
O da məhz "ağ qaralar"la qarşılaşmaya təsadüf edir.
Özü də nə az, nə çox 2 ay əvvəl.
Sonrakı 8 görüşdə 5 bərabərlik qeydə alınıb.
Uğursuz gedişata son qoymaq mümkün olacaqmı?
Milli komandalara görə yaranmış fasilə futbolçuların sakitləşməsinə, gərginlikdən uzaqlaşmasına yardım edəcəyi dəqiqdir.
Həm də oyunlara təkrar baxıb, daha detallı analizlərlə səhvləri görməyə yetəcək zaman oldu.
Sıfırlanıb yeni mərhələyə addım atmaq üçün məşqçilər və futbolçular adına vacib məqamdır.
"Ağ qaralar"la aradakı son duellər də qonaqların xeyrinədir. Bu mövsüm "Araz" iki oyunda 3 xala sevinən tərəf olub. Digər matç isə bərabərliklə bitib.
Ardını gətirmək isə elə də asan olmayacaq.
Ən başlıcası heyətdəki ciddi zədələrə görə. Bəxtiyar Həsənalızadə və Mico Kuzmanoviç hələ də kollektiv məşqlərdən uzaqdır. Hazırlığa qatılan Ramon Maçadonun da oyunda iştirakı sual altındadır. Komandanın bombardiri Felipe Santos isə cəza səbəbindən meydanda olmayacaq.
4 önəmli fiqurun yoxluğunu hiss etdirməmək mümkünsüz kimi görünür.
Əvəzində "Neftçi" cəbhəsində işlər bir xeyli yoluna düşüb.
Samir Abasovun kollektivi 3-cü dövrə aktivinə 14 xal yazdırmaqla yalnız "Qarabağ" və "Zirə"dən geri qaldı.
Hər ötən oyun xətlərarasında əlaqə güclənir, komanda ruhu aydın hiss edilir.
Bir vacib məqamı da unutmaq olmaz. Bəlkə də əksəriyyət düşünür ki, "Neftçi" üçün çempionatdan avrokuboklara getmək şansı bitib. Amma...
Hazırda 4-cü pillədə olan "Turan"ın ardıcıl xal itkiləri 3-cü sıradan olan "Araz"a rahatlıq verirsə, 6-cı pillədə qərarlaşan "Neftçi"yə ümid yaradır.
Qalır bu cür fürsəti kimin necə dəyərləndirməsi.
XANOĞLAN İMANOV