
Premyer Liqanın 28-ci turunun maraqlı görüşlərindən biri Tovuzda baş tutacaq. "Turan Tovuz" lider "Qarabağ"ı qonaq edəcək.
Son 3 oyunda qələbə qazana bilməyən (2 məğlubiyyət, 1 bərabərlik) meydan sahiblərinin düşərgəsində ab-hava ürəkaçan deyil.
"Araz Naxçıvan" üçüncü dövrənin ən zəif bəndi olsa belə, Berdiyevin komandası naxçıvanlıları ilk üçlükdən sıxışdırıb çıxara bilmədi. Aradakı fərq isə 4-ə bərabərdir. Düzdü, elə də ciddi xal fərqi deyil. Amma "Turan"ın göstərdiyi oyun gələcəyə nikbin baxmağa ümid vermir.
Dördüncü pillə isə avrokuboklara getməyi qarantiləməyə yetərli deyil. Belədə "Sabah" və "Neftçi"nin ölkə kubokunda uğursuz olmasına bel bağlamaq lazım gələcək.
Nəzərə alaq ki, hər iki komandanın çempionatda da "Turan"ı qabaqlamaq şansları az deyil. Xüsusilə Masazır klubu bir qədər inamlı çıxış edə bilsə, aradakı 8 xallıq fərqi qapıya bilər.
Ən yaxın izləyicisi "Zirə"dən 12 xal öndə olan qonaqlar üçün hətta məğlubiyyət belə dünyanın sonu sayılmayacaq.
Amma bu mövsüm Qurban Qurbanovun Berdiyev üzərində qələbə qazana bilməməsi mütləq ki, oyunu "köhlən atlar" üçün prinsipal duruma gətirəcək.
"Qarabağ" bu mövsüm rəqibi üzərində nəinki qələbə qazanmayıb, hətta qol vurmaqda belə ciddi sıxıntı yaşayıb.
Belə ki, arxada qalan 3 görüşdən ikisində bölgə klubu qələbəyə sevinib (1:0, 2:1), digərində isə qolsuz bərabərlik qeydə alınıb.
Deməli, bu mövsüm üçün tilsimi qırmaq, qisas almaq yolunda bu görüş son şansdır.
XANOĞLAN İMANOV