Hamı bu oyunun start fitini gözləyir - “Həngamə” olacaq!

16:20 Premyerliqa 180
Hamı bu oyunun start fitini gözləyir - “Həngamə” olacaq!

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yerli komanda “Kəpəz”i qəbul edəcək.

Komandaların adlarına baxanda bəlkə də qarşılaşma sıradan görünə bilər. Çünki indiyə qədər aralarında nə ciddi rəqabət olub, nə də hansısa nöqtəyə söykənən prinsipiallıq.

Lakin bu gün vəziyyət fərqlidir. Hər iki kollektiv Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Zaman keçdikcə, yarış sona yaxınlaşdıqca emosiyalar qızışır.

Meydanın bir tərəfində Premyer Liqada 9, ümumilikdə 11 oyundur qol vura, qələbə qazana bilməyən “Sumqayıt”, digər tərəfində ötən tur “Neftçi”ni məğlub edən “Kəpəz” dayanacaq.

Komandaların turnir cədvəlindəki xalları eynidir – 22. Bu, o deməkdir ki, qalib gələn tərəf hədəfə çatmaq üçün çox-çox ciddi addım atmış olacaq. Hansısa biri qalib gəlsə, sonuncu pillədəki “Səbail”lə xal fərqi 7-yə yüksələcək ki, finişə 10 tur qalmış bu, inamlı fərq kimi dəyərləndirilə bilər.

Azər Bağırovun yeri istidir. Komandası qol vurmağı bacarır, ara-sıra azarkeşlərini qələbələrlə sevindirir. Ancaq eyni sözlər Vaqif Cavadova aid deyil.

“Kimyaçılar” qələbə istəyinə çata bilməsə, millimizin sabiq üzvü böyük ehtimalla istefa verəcək. Ardıcıl 12-ci oyunda qələbəsizlik, xüsusən də əsas rəqiblərindən birinə “ev”dəki yenilgi ciddi narazılıq dalğası yaradacaq.

Komandalar cari mövsümdə iki dəfə üz-üzə gəlib. Çempionatın açılış turunda sumqayıtlılar gəncəliləri meydandan başıaşağı yola salanda komandanın baş məşqçisi Samir Abasov idi. İkinci dövrədə Tovuzda gerçəkləşən dueldə isə qapılara top vurulmamışdı.

Beləliklə, bu gün saat 17:00-dan etibarən ölkə futbolsevərlərinin diqqəti Sumqayıtda olacaq. Gərgin, amansız və maraqlı qarşılaşma izləmək ümidi ilə...

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti