
Premyer Liqada cari mövsümdə 298 qol vurulub. Bu qollar 118 futbolçunun hesabındadır.
Sportinfo.az xəbər verir ki, idman.biz çempionatın qollarının futbolçuların yaşlarına görə təsnifatını nəzərdən keçirib.
Ümumiyyətlə, çempionatın bombardirlər siyahısına 10 qolla “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade başçılıq edir.
Çempionatda qol vuran ən gənc futbolçu 19 yaşadək olanlar arasında bu yaşda yeganə fərqlənən Murad Məmmədovdur.
“Neftçi”nin futbolçusu hələ gələn ay 19 yaşını qeyd edəcək. 20 yaşına çatmayan daha 2 futbolçu mövsümdə qol hesabını açıb.
Edqar Adilxanov (“Şamaxı”) 2, Sadiq Səfiyev (“Kəpəz”) 1 dəfə fərqlənib. 21 yaşın içində olan 3 futbolçu çempionatda fərqlənib.
Onların sırasında “Qarabağ”ın forvardı Nadir Axundzadə 6 qolla ümumi bombardirlər siyahısında 8-cidir. Rüfət Abbasov (“Şamaxı”) və Ağadadaş Salyanski (“Neftçi”) 1 dəfə fərqləniblər.
23 yaşadək futbolçular sırasında yuxarıda sadalananlarda birlikdə qol vuranların sayı ümumilikdə 12-dir.
Onların ən məhsuldarı “Zirə”nin 21 yaş yarımlıq futbolçusu Salifu Sumadır. Qvineyalının hesabında 8 qol var. Musa Qurbanlının (“Qarabağ”) 4 qolu var.
Yaşlı bombardirlərə gəldikdə, ömrünün 4-cü onilliyinə adlamış futbolçulardan ümumilikdə 15-i bu mövsüm qol vurub.
Onlardan 4-ü çempionatda 4 dəfə fərqlənib. Bunlar Abdulla Zubir (“Qarabağ”), Roderik Miller (“Turan Tovuz”), Ramon (Araz-Naxçıvan) və Filip Ozobiçdir (“Neftçi”).
Çempionatda ən yaşlı qol vuran isə Riçard Almeydadır. Bu yaxınlarda “Qarabağ”dan ayrılan yarımmüdafiəçinin hesabında mövsümdə 2 qol var. Braziliyalının martın 20-də 36 yaşı tamam olacaq.